Rusiyanın böyük oyunçularla “sınağı”: Ümidləri yenə puç olacaq – Ekspert

“LNG terminalların tikintisi üzrə bütün nəhəng layihələrin həyata keçirilməsindən sonra Rusiya istehsal həcminə görə Qətəri ötəcək”.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, “İnfoTEK-Terminal”ın baş direktoru Rüstəm Tankayev bu fikirdədir. Rusiyalı ekspert hesab edir ki, Rusiya bazarı LNG qazla dolduracaq, bu isə qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Odur ki, ekspert LNG sahəsində OPEC+ şəklində sazişin hazırlanmasını təklif edib.

Əslində, LNG bazarında vəziyyət nə yerdədir? Rusiya həqiqətən bu bazarda liderə çevrilə bilər? Bəs OPEC+ tipdə sazişin yaradılması necə, realdır?

Sözügedən suallara cavab tapmaq üçün OilGas.az enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevə müracət edib. Ekspert bildirib ki, LNG bazarı vahid mərkəzdən idarə olunmur. Ona görə də bu bazarda OPEC+ tipdə sazişin hazırlanması real görünmür:

“OPEC neft ixrac edən ölkələrin təşkilatıdır, amma qaz ixrac edən dövlətlərin hələ vahid bir mərkəzdə birləşməsini şərtləndirən bir təşkilat mövcud deyil. Bununla bağlı bir neçə təkliflər irəli sürülüb. Məsələn, İran tərəfdən, Rusiya ekspertləri tərəfindən təkliflər səsləndirilib. Belə bir şəraitdə hələ ki qaz bazarlarının vahid bir mərkəzdən idarə edilməsilə bağlı struktur yoxdur. Gələcəkdə vəziyyətin necə olacağını dəqiq demək mümkün deyil. Lakin, hətta belə bir qurum yaradılsa belə bu qurumdan kənarda potensial qaz ixrac edən dövlətlər olacaq. Düşünürəm ki, elə bir qurum yaranarsa, nə ABŞ, nə Avstraliya bu quruma daxil olmayacaq. Çünki bildiyiniz kimi, ABŞ qaz hasilatına görə dünyada birinci yerdədir. Ötən ilin statistik göstəricilərinə nəzər salsaq, ABŞ 773 milyard kubmetrdən çox təbii qaz hasil edib. Gələcəkdə ABŞ-ın Avropa və Asiya bazarlarına böyük həcmlərdə LNG tədarükünün şahidi olacağıq. Eyni zamanda Avstraliya çox geniş bir layihə həyata keçirir. Onlar da dünya bazarlarına nəzərdə tutulduğundan daha böyük həcmlərdə sıxılmış qaz tədarük edəcəklər. Bu nöqteyi nəzərdən hansısa beynəlxalq təşkilatın yaranması və dünyanın qaz bazarlarında tənzimləyici rol alması imkanları məhduddur”.

Rusiyanın LNG bazarında liderə çevrilməsinin nə qədər real olub-olmaması barədə də danışan ekspert qeyd edib ki, belə bir məsələ mümkünsüzdür:

“Bu reallıqdan çox uzaqdır. Əvvəla Rusiya Federasiyasının qarşıdakı illərdə dünya LNG bazarlarında tənzimləyici, diqtəedici bir mövqe alması geosiyasi baxımdan mümkün deyil. Çünki bu gün Rusiyanın qarşılaşdığı geosiyasi problemlər onun LNG tədarük imkanlarını daha da genişləndirməsini təhdid altına alır. Bu gün Rusiyanın yalnız 2 layihəsi sənaye istismarındadır. Birincisi, “Saxalin LNG”, ikincisi isə “Yamal LNG” layihələridir. Bunların hər 2-sinin dünya bazarlarına çıxardığı tədarük həcmləri bazarda hər hansı üstün mövqe və yaxud diqtəetmə imkanlarını əldə etmək baxımından mümkün deyil. Məsələn, “Saxalin LNG” layihəsi çərçivəsində Rusiya ildə 10 milyon tondan bir az artıq LNG istehsal edir. “Yamal LNG” layihəsində bu mərhələli şəkildə olacaq. Birinci mərhələdə 4 milyon ton istehsal nəzərdə tutulub. Qarşıdakı illərdə bu həcm artırılacaq. Lakin bu o demək deyil ki, Rusiya “Saxalin LNG” və “Yamal LNG” layihələri vasitəsilə dünyanın LNG bazarlarında üstün mövqe qazanacaq. Bu mümkün deyil. Çünki o bazarın kifayət qədər böyük oyunçuları var. Əlcəzair, Qətər, Nigeriya, Avstraliya kimi güclü oyunçular. İndi bazara daha güclü bir oyunçu daxil olur – ABŞ. Rusiyanın bu ölkələrlə rəqabət aparmaq imkanı yoxdur. Perspektivdə digər layihələr, məsələn “Vladivastok LNG”, “Arktik LNG”, “Sankt-Peterburq LNG” layihələri gündəlikdədir. Lakin bu layihələr hələ reallaşmayıb. Çünki belə bir texnologiya Rusiya Federasiyasında yoxdu. Bu texnologiya Qərbdən, yaxud ABŞ-dan daxil olur. Geosiyasi vəziyyətin hazırki gərgin fonunda ABŞ və onun müttəfiqləri bu texnologiya və mühəndis xidmətlərini Rusiyaya təqdim etməyəcək. Ona görə də Rusiyanın qarşıdakı illərdə çox geniş LNG layihələrinə başlaması faktiki nə maliyyə cəhətdən, nə də əldə edəcəyi texnologiya baxımından mümkün deyil”.

COP29