“Rusiyanın dəstəyi olmasaydı, Ermənistan işğal etdiyi əraziləri saxlaya bilməzdi” – Rusiyalı ekspert

Rusiyalı siyasi şərhçinin fikrincə, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Moskvanın qonşü dövlətlərə münasibəti dəyişib.

Belarus-Rusiya münasibətlərinin mövcud durumunu Yeniçağ.Ru-ya şərh edən “PolitRus” internet resursunun baş redaktoru Vitali Arkov bəzi maraqlı məqamlara toxunub:

“Belarus-Rusiya münasibətləri yelləncəyə bənzəyir – gah yaxşılaşır, gah da pisləşir. Mən Prezident Lukaşenkonun narazılığını başa düşürəm. Dmitri Medvedyevin məlum bəyanatı isə aydın məsələdir ki, Kremlin rəsmi mövqeyini əks etdirir”.

Politoloqun fikrincə, Medvedyev əksər hallarda Putinin orbitr kimi qalmaq məqsədilə özünün dilə gətirmək istəmədiyi məsələlərdən danışır:

“Çar yaxşıdır, ətraf pisdir. Hər zaman söyləyə bilərik ki, Medvedyev Putinin fikirləşdiklərini demir. Əslində isə mesaj çox konkret idi: Lukaşenkonun sərt reaksiyası gözlənilməz deyildi. Mən Lukaşenkonu ideallaşdırmaq istəmirəm. Ancaq Trampın seçilməsindən sonra Moskvanın öz tərəfdaşlarına yönələn davranışları narahatlıq doğurur. Bu, amirlik tonudur, bu, mərkəzin vassal əyalətə münasibətidir. Medvedyevin o çıxışı da bu demək idi ki, “biz çarıq, siz isə rəiyyət”.

Arkovun sözlərinə görə, Rusiyanın yaxın qonşularla belə davranması yaxşı heç nə vəd etmir:

“ Ola bilər ki, Minskin qaçmağa yeri olmasın və o da Ermənistan kimi Rusiyadan uzaqlaşmasın. Sərkisyanın da Moskvaya münasibətdə şantaj etmək kimi zəifliyi var və o, son vaxtlar buna tez-tez əl atır. Ermənistanda keçirilən antiRusiya aksiyalarında onun da barmağı vardı”.

Ermənistanın mövcud siyasətindən danışan politoloq əlavə edib ki, İrəvan Qarabağ münaqişəsinin yaratdığı situasiyanın girovudur:

“Azərbaycanın əl-qolu elə də bağlı deyil, imkanları və variantları çoxdur. İndiki situasiyada Azərbaycan zərərçəkən, Ermənistan isə işğalçı tərəfdir. İrəvan bu vəziyyətdə dar dialoqa da getmir. Hamımız başa düşürük ki, Moskvanın dəstəyi olmasaydı, Ermənistan tək işğal etdiyi əraziləri deyil, çox sayda vətəndaşlarını da itirərdi və orada hakimiyyətdə tamam başqa qüvvələr olardı”.

Politoloqun fikrincə, Ermənistan Rusiyadan müəyyən əlavə resurslar əldə bilər, ancaq sıravi vətəndaşlar bunun faydasını görməyəcəklər:

“Sərkisyan klanının Moskvaya yarınmaq üçün verdiyi bəyanatlar sadəcə, ölkənin mənafeyinə aid olmayan biznes maraqlarından irəli gəlir. Apreldə Ermənistanda parlament seçkiləri keçiriləcək və Sərkisyan klanına da hakimiyyətini qorumaq üçün nəyin bahasına olursa-olsun deputat yerlərinin mütləq əksəriyyətini tutmaq lazımdır. Bunu etmək asandır – ancaq dünyanın bu metodu necə qəbul edəcəyi də vacib məsələdir. Aydındır ki, Moskva seçkilərin nəticəsini tanıyacaq, lakin dünya birliyinin tutacağı mövqe naməlumdur. Ona görə də Sərkisyan antiRusiya zəminində Avropa ilə oynamağa başlayıb ki, Qərb də seçkilərin nəticəsini qəbul etsin”.

Yeniçağ.Az