Rusiyanın EFİR ZİBİLLİYİ: Kreml “mirzələri” Azərbaycan əleyhinə kampaniyanı genişləndirirlər – VİDEO

Rusiyanın “Pervıy” telekanalı Azərbaycan əleyhinə qarayaxma kampaniyasını davam etdirir.

Yenicag.az xəbər verir ki, Rusiya mediası ermənipərəst dairələrin Azərbaycan əleyhinə böhtan və qarayaxma kampaniyası aparılan əsas platformaya çevrilib.

Rusiyanın “Pervıy” telekanalının aparıcısı Qarabağda baş vermiş son hərbi insident haqda xəbəri çatdırarkən, bir əsas olmadan atəşkəsi Azərbaycan tərəfinin pozduğunu iddia edib.

Türkiyənin “Haber Global” televiziyasının da diqqətindən yayınmayan bu iftira haqqında geniş reportaj hazırlanıb və aparıcının qərəzli çıxışı ifşa edilib.

“Haber Global”ın hazırladığı reportajda “Pervıy” telekanalının aparıcısının verdiyi dezinformasiyanın elə yayımlanan həmin süjetdə yalanlandığı vurğulanıb.

Belə ki, efirə təqdim olunan süjetdə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov Qarabağda atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu bildirmir.

Həmçinin süjetdə danışdırılan ermənilər də Azərbaycana qarşı belə bir ittiham səsləndirməyiblər.

Görünən odur ki, Rusiyanın “Pervıy” telekanalı öz ampluasına sadiq qalaraq, Azərbaycan əleyhinə istifadə etmək üçün barmağından yeni “ittihamlar sorur”.