Rusiyanın ƏLİ GÜCLƏNİR: “İstəklərinə yaxın olan razılaşmanın imzalanması mümkündür”

“2025-ci ildə Rusiyanın istəklərinə yaxın olan razılaşmanın imzalanması mümkündür. Bu, Zelenskinin hakimiyyətinin sonu deməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

ABŞ-nin yenidən prezidenti seçilən Donald Trampın Ukrayna prezidenti Voldimir Zelenski və Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra Rusiya ilə müharibədəki proseslərin hansı istiqamətdə cərəyan edəcəyindən danışan analitikin sözlərinə görə, Trampın 24 saat ərzində Ukrayna müharibəsini dayandıracağı ilə bağlı verdiyi sözlər, əslində, mümkün idi:

“Ancaq hansı halda? Yalnız və yalnız Rusiyanın istəklərinin yerinə yetirildiyi zaman. ABŞ-nin Ukraynaya təsiri həddindən artıq çoxdur. Yardım dayandırılsa, Kiyevin təslim olmaqdan başqa yolu yoxdur. Ancaq eyni təzyiq Rusiyaya göstərilə bilmir. Hətta Ukraynaya yardımın artırılması belə Rusiyanı çəkindirməyəcək. Xüsusilə Rusiyanın “Oreşnik” raketi ABŞ-də kifayət qədər narahatlıq yaradıb. Məhz həmin raketin istifadəsindən sonra Rusiyanın içərilərinə doğru hücumlar dayandırıldı. Bu isə ABŞ-nin Rusiyadan çəkindiyinin göstəricisidir. Çəkinməkdə də haqlıdır, çünki Rusiyanın raket sənayesi istehsalı mükəmməldir və ABŞ sözügedən sahədə Rusiyadan geri qalır”.

Siyasi təhlilçi əlavə edib ki, Rusiya Federasiyası prezidenti Vladimir Putin yenə də sülhün yalnız onun təklifləri çərçivəsində qəbul olunacağını təkrar etdi:

“Yəni nəzarətə götürülən dörd vilayət Rusiya ərazisi kimi tanınmalı, Ukrayna qoşunları yerdə qalan hissədən çıxmalıdırlar. Eyni zamanda, Ukrayna neytral olacağını bəyan etməli, Rusiya üzərindən isə sanksiyalar götürülməlidir. Bu şərtləri ABŞ qəbul edə bilərmi? Ən azından sanksiyalarla bağlı hissədə, yəqin ki, Rusiyanın şərtləri qəbul olunmayacaq. Həmçinin dörd vilayətlə bağlı Ukraynanın nə isə edə biləcəyi gözlənilmir. Çünki o ərazilər artıq itirilib, geri qaytarmaq mümkünsüzdür.

2025-ci ildə Rusiyanın istəklərinə yaxın olan razılaşmanın imzalanması mümkündür. Bu isə Zelenskinin hakimiyyətinin sonu deməkdir. Əks təqdirdə, müharibə davam edəcək. Rusiyanın bu gün belə irəlilədiyini nəzərə alsaq, Ukrayna çox böyük fəlakətlərlə qarşı-qarşıya olacaq. Bir sözlə, reallıqları hamı qəbul etməlidir”.

Nəsimi Ələsgərli