Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiyanın Ermənistan və Azərbaycanla "GİZLƏN-QAÇ" oyunu - Səxavət Məmməd yazır

Reklam: Sinerji Pro

Azərbaycanda uşaqdan böyüyə hər kəsin Qarabağın probleminin həlli ilə bağlı vurduğu bir nöqtə vardı – Qarabağın açarı Rusiyanın əlindədir. Bunu nəinki azərbaycanlılar deyir, hətta bir neçə il əvvəl Almaniya kansleri Angela Merkel də eyni ifadəni səsləndirmişdi.

Heç kimə sirr deyil ki, Qarabağ probleminin səbəbkarı Rusiyadır. Rusiyanın Azərbaycanla xüsusi düşmənçiliyi yoxdur. Bu sadəcə olaraq bir imperialist siyasətdir. Bunu niyə yazıram? Çünki post-sovet ölkələrinin demək olar, hər birinin ərazisində münaqişə ocaqları var. Gürcüstan və Ukraynadakı kimi olmayanları da sonradan Rusiya özü yaratdı. İndiki Rusiya SSRİ-nin dağılması ilə barışsa da, ölkələrdəki təsir və təzyiq gücünü saxlamaq üçün münaqişələri bilərəkdən yaradıb. Münaqişələrin çoxunun 80-ci illərin sonunda başlaması onu deməyə əsas verir ki, SSRİ rəhbərliyi parçalanmanın qaçınılmaz olduğunu bilib və bu günlər üçün addım atıb.

Qarabağda uzun illər günlük pozuntuları nəzərə almasaq atəşkəs hökm sürdü. Yalnız Rusiya mərkəzdən qaçma halları müşahidə edəndə Qarabağ kartından istifadə etdi və gərginliyi artırdı.

Götürək aprel döyüşlərini.

2016-cı ilin aprel ayında baş verən döyüşlər də Ermənistana təzyiq vasitəsi idi. Azərbaycanın müdafiə naziri Zakir Həsənov aprel döyüşlərindən sonra açıq şəkildə bildirdi ki, Sergey Şoyqunun zəngi ilə döyüşlər dayandı. Döyüşləri dayandıran güc yəqin ki, onu başlamasına da icazə vermişdi.

44 günlük müharibədə Rusiya nə qədər səssiz dayansa da, əslində müharibənin başlamasına “xeyir-dua” verən güc idi.

Müharibə necə dayandı? Putinin “stop” əmri ilə.

Sadə məntiq – üçtərəfli bəyanat gecə saat 2-dən sonra niyə imzalanırdı? Ermənistan, Rusiya, Azərbaycan ayrı-ayrı saat qurşaqlarında yerləşir? Yox!

Rusiya sadəcə olaraq zamanını gözlədi. Bəzən ölkəmizdə belə bir fikir səslənir ki, Azərbaycan ordusunun Xankəndinə girməməsinə görə Rusiya bu addımı atdı. Ancaq Xankəndindən də daha önəmlisi Qırmızı Bazara girib möhkəmlənməyin qarşısını aldı. Əgər Qırmızı Bazar Azərbaycan ordusu tərəfindən işğaldan azad edilsəydi, Rusiya sülhməramlılarının əraziyə girməsinin heç bir anlamı qalmırdı.

Hazırda müharibənin bitməsini göstərən heç bir hüquqi sənət yoxdur. Sülh sazişi barəsində heç bir danışıq aparılmır.

Azərbaycan tərəfi yalnız təzyiqlər vasitəsi ilə Ermənistanı sülhə məcbur etmək istəyir. Bu isə effekt vermir.

Üçtərəfli bəyanat BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin taleyini yaşayır. Qətnamələrə görə, Ermənistan Azərbaycan torpaqlarından çıxmalı idi, çıxmırdı. Üçtərəfli bəyanata görə də, erməni silahlı dəstələri ərazidən çıxmalı idi, yenə çıxmır. Üçtərəfli bəyanatla, 4 qətnamə arasında bir fərq var. 4 qətnaməni icra edəcək qurum yox idi, üçtərəfli bəyanatda isə Rusiya var.

Rusiya öncə üçtərəfli bəyanatın 4-cü bəndini pozdu.

Erməni silahlılarının çıxması ilə paralel Rusiya sülhməramlıları ərziyə yerləşməli olduğu halda, bu baş tutmadı. Bir neçə ay əvvəl sosial şəbəkələrdə erməni hərbi texnikalarının ərazidən çıxmasının görüntüləri yayılmışdı. Bu görüntülərdən sonra belə bir fikir formalaşdı ki, artıq Rusiya sülhməramlıları buna nəzarət edir və Ermənistandan çağırışçılar əraziyə gəlmir. Ancaq bu da pozulmuş oldu. Belə ki, Ermənistan ordusunun hərbçilərinin izdihamlı hərbi maşın karvanı ilə Azərbaycan ərazisinə daşınması məlum oldu.

Faktiki olaraq Rusiya sülhməramlıları Ermənistan tərəfinin bütün istəklərini həyata keçirməklə məşğuldur.

Əvvəl elə bir görüntü yaradılırdı ki, sanki məsələ həll olunmaq üzrədir. Bu addım onu göstərir ki, problem getdikcə daha da dərinləşdirilir. Bunu isə birbaşa Rusiya edir desək, yanılmarıq. Rusiya sülhməramlıları təkcə bununla da qalmır. Əvvəl modul tipli kazarmalar qururdularsa, hazırda tikinti ilə məşğuldurlar. Bu isə niyyətlərindən xəbər verir. Rusiya tərəfinin bu addımını görən ermənilər təbii ki, ordan çıxmayacaq, əksinə daha da ürəklənəcəklər.

Proses hər keçən gün daha da dərinləşməkdədir.

Faktiki olaraq Azərbaycan və Ermənistan arasında heç bir danışıq aparılmır. Diplomatik təmaslar yox səviyyəsindədir. Diplomatik təmaslar olmadıqda, silahlar işə düşür.

Faktiki olaraq bölgədə Rusiya möhkəmlənmədədir. Rusiya bu münaqişənin bitməsini heç bir zaman istəməyəcək. Çünki bu münaqişənin olması hər iki ölkəyə təsir və təzyiq vasitəsidir. Hətta ola bilsin ki, iki ölkə arasında münaqişə bir qədər də şaxələnə bilər. Bu dəfə isə Ermənistan ərazisində münaqişə ocağı yarana bilər.

Hərbi əməliyyatların başlayacağı ehtimalları səslənir. Düşünürəm ki, hərbi əməliyyatlar başlasa Azərbaycanın üstünlüyü aşkar olacaq, ancaq istər Qərb, istər Rusiya Azərbaycanın ikinci dəfə qələbə çalmasına imkan verməyəcək.

Səxavət Məmməd

www.yenicag.az

750
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100