Rusiyanın əsrlər boyu arzuladığını Tramp Putinə hədiyyə etdi

Rusiya Yaxın Şərqdə qazandığı uğura layiqdir. Rusiya da ABŞ-ı bölgədə dominant gücə çevirən hərbi və diplomatik vasitələrdən istifadə etdi. Amerika bölgəyə təsir uğrunda gedən bu mübarizəni uduzmadı, müəmmalı şəkildə təslim oldu.

Yenicag.az xəbər verir ki, bu iddialar “Vaşinqton Post”un məqaləsində yer alıb.

Məqalədə qeyd edilib:

Prezident Tramp Amerikanın Suriyadan geri çəkilməsini qələbə kimi təqdim etməyə çalışır. Əlbəttə, bu absurdur. Amerika kürd müttəfiqlərimizi (PYD/YPG terrorçuları nəzərdə tutulur – red.) türk işğalı qarşısında tək buraxdı və bununla da imkan yaratdı ki, məhv edilmiş düşmən – İŞİD yenidən güclənib Qərbə qarşı hücumları davam etdirsin.

Amerika Prezidentinin bu addımı ABŞ-ı, xüsusən də hərbçiləri rüsvay etdi. ABŞ xüsusi təyinatlıları Suriyadakı döyüş bölgəsindən çıxarkən qəzəblənmiş kürdlər tərəfindən pomidor yağışı altına düşdülər.

İndi Rusiya Suriyanın şimal-şərqində möhkəmlənir. Prezident Vladimir Putinin bu uğurunun bəzi səbəblərini nəzərdən keçirməkdə fayda var. Birincisi, Putin son dərəcə həyasız və qəddardır. Və özünə bənzər olan Suriya rejimi ilə tərəfdaşdır. Putin 2015-ci ildə məhdud güclə Suriyaya müdaxilə etdi, lakin qətiyyətlə mübarizə apardı.

Rusiya Yaxın Şərqdəki bütün müharibə edən ölkələrlə danışıqlara getdi və fərqli tərəflər arasında vasitəçi kimi ortaya çıxdı. Bu, ona əlavə təzyiq və təsir rıçaqları verdi. Əvvəllər Amerika da qarşı tərəflər arasında vasitəçi olurdu və eyni üsullardan yararlanırdı. Birbaşa danışıqlara getməyən tərəfləri bir araya gətirməyin özəlliyi budur.

Amerika Rusiya, Suriya, İran, Çin, Şimali Koreya, Kuba, Venesuela … kimi ölkələrə sanksiyalar tətbiq etdi. Bəzən bu sanksiyalar Amerikanın maraqlarına zidd olur. Rusiya isə belə şeylər etmir. Cənab Tramp axmaqlığı ucbatından Türkiyənin Suriyaya hücumuna töhfə verdi, iş işdən keçəndən sonra isə Türkiyəni sanksiyalarla hədələdi. Sanksiya məsələsi o qədər istismar olundu ki, əks effekt verməyə başladı.

Rusiya gözə daha az girməklə daha çox iş görməyə çalışır. Amerika isə görüntüyə üstünlük verir.

Yaxın Şərqdəki son uğurlarına görə Rusiya eyni zamanda ərəb dilini yaxşı bilən və çoxtərəfli danışıqlar aparmağı bacaran yaxşı hazırlanmış diplomatlarına borcludur. Rusiya ideologiyaya deyil, öz maraqlarına üstünlük verir. Rusiya Suriya dövlətinin dağılmasının qarşısını almaq və sabitliyi bərpa etmək üçün 2015-ci ildə bu ölkəyə müdaxilə etdi. 5 ildir ki, Rusiya rəsmiləri ilə sıx əməkdaşlıq edən bir Qərb qeyri-hökumət təşkilatının nümayəndəsi deyir ki, ruslar bölgəni yenidən bərpa etməyə çalışırlar. Onlara sabitlik və ticarət lazımdır. Ruslardan fərqli olaraq, “ideoloji xəyallar” quran amerikalılar özləri də fərqinə varmadan qeyri-sabitliyə səbəb olurlar. Çünki öz dəyərlərini bölgəyə ixrac etməyə çalışırlar.

Amerika dəyərləri bizim güclü tərəfimizdən biri olaraq qalır, amma başqa ölkələrə müdaxilə zamanı bu dəyərlər problemə də çevrilə bilər.

Putinin Suriyadakı ən böyük zəifliyi evdə olduğu kimidir, yəni korrupsiyaya bağlıdır. Bir vaxtlar ABŞ qüvvələri tərəfindən qorunmuş kürd bölgələrindəki neft yataqlarını ələ keçirmək üçün Moskva hərbi birləşmələrlə bazarlığa gedir. Ruslar onlara neft yataqları təslim edən silahlılara gəlirin cüzi hissəsini ödəyir. Təbii ki, bu, dövlət səviyyəsində banditizmdir. Ancaq ruslar belə şeylərdən çəkinmirlər.

Əsrlər boyu Rusiya hazırda Yaxın Şərqdə qazandığı nüfuza sahib olmaq arzusu ilə yaşamışdı. Cənab Tramp heç bir qarşılıq almadan Rusiyanın bu arzusunu həyata keçirdi və Rusiyanın çoxdan arzuladığı şeyləri ona pulsuz verdi…/musavat.com/

COP29