“İkinci dünya müharibəsindən əvvəl SSRİ Finlandiyanı işğal etməyə çalışarkən məğlubiyyətə uğrayıb. Bu tarix Rusiya üçün dərsdir”.
Bunu Rusiya ilə həmsərhəd olan Finlandiyanın NATO-ya qəbul olmasının ölkələr arasında gərginlik yaratması ehtimalından danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Rusiyanın Finlandiyaya etiraz edərək gərginlik yaratması real görünmür:
“Ukrayna, Finlandiya ayrı-ayrı məsələlərdir. Ukrayna Avropa İttifaqına və NATO-ya üzv olmaq istəyirdi. Lakin onu bu alyansa qəbul etməyəcəkdilər. Çünki NATO və Aİ nizamnaməsində bənzər maddə var.
Həmin maddəyə uyğun olaraq sözügedən ittifaqa üzv olmaq istəyən ölkədə sabitlik hökm sürməlidir. Lakin Ukraynanın Donbask və Luqansk, əlavə olaraq isə Krımın ilhaq olunması məsələsi var idi. Həmin məsələlər nəzərə alınaraq onsuzda Ukraynanı NATO-ya qəbul etməyəcəkdilər.
Finlandiyanın münaqişəli ərazisi yoxdur, burada sabitlik hökm sürür. Rusiyanın Finlandiyaya qarşı atdığı hər hansı addım NATO ilə müharibəyə girmək deməkdir.
Rusiya ancaq post-sovet məkanına təsir edə bilir. Çünki sovetlər dönəmində süni münaqişə ocaqları yaradılıb. Həmin münaqişə ocaqlarından aktiv, aktivləşməyə hazır və passiv olanları var. Bu baxımdan Rusiya həmin ölkələrə rahat şəkildə təsir edə bilir. Ancaq Finlandiya ilə vəziyyət eyni deyil.
Rusiyanın tarixinə baxdıqda xoş olmayan məğlubiyyətlə üzləşdiyini görə bilərik.
İkinci dünya müharibəsindən əvvəl SSRİ Finlandiyanı işğal etməyə çalışarkən məğlubiyyətə uğrayıb. Bu tarix Rusiya üçün dərsdir. Rusiya yenidən Finlandiya ilə gərginliyə girməz. Əlavə olaraq isə Finlandiya relyefi, iqlimi, ordusu ilə Ukraynadan çox fərqlidir. Bu nüansları nəzərə alaraq Rusiyanın Finlandiyaya hər hansı formada etiraz edəcəyini düşünmürəm”.
Nəsimi Ələsgərli