“Bir neçə həftə əvvəl ”Sputnik” agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbərliyində növbəti kadr dəyişikliyi baş verib. Belə ki, azərbaycanlı jurnalist Əziz Əliyevin yerinə Vitali Denisov büro rəhbəri təyin edilib. Denisov bundan əvvəl işlədiyi separatçı Cənubi Osetiyadan Bakıya gətirilib. Yəni Marqarita Simonyan və onun Kremldəki bilavasitə kuratorları Azərbaycana bu qəribə təyinatla öz həqiqi münasibətini bildiriblər”.
Bu sətirlər Haqqin.az-ın əldə etdiyi məlumatlardan götürülüb. Saytın yazdıqlarına görə, Rusiya xüsusi xidmət orqanlarının polkovniki olan Denisov Cənubi Osetiyada strateji tapşırıqlar icra edib. Sayt aydınlaşdırıb ki, Denisov Sxinvaliyə ilk dəfə leytenant rütbəsində 1989-cu ildə separatçı əhval-ruhiyyənin qızğın vaxtında və ilk antigürcü silahlı dəstələrin formalaşdığı bir vaxtda gəlib. Rusiya-Gürcüstan müharibəsi başa çatdıqdan sonra o, separatçı respublikanın “prezidenti”nin administrasiyası rəhbərinin müavini olub. Simonyan və onun kuratorlarının xüsusi xidmət orqanlarında “zəngin təcrübəyə” malik “xüsusi mütəxəssisi” Azərbaycana transfer etmələri maraq doğurur. Bildirilir ki, Denisov Bakıda işə başlayan kimi, ilk növbədə Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərcini qadağan edib. O, açıq və qaba şəkildə azərbaycanlı jurnalistlərin yaradıcılıq imkanlarını məhdudlaşdırıb. Eyni zamanda Denisov redaksiya işində əsas istiqamətləri müəyyən edib: Azərbaycan həyatının ən problemli tərəflərinin işıqlandırılması və ölkədəki sosial problemlərin qabardılması.
Rusiya Bakıdakı “Sputnik”inə xüsusi xidmət polkovnikini niyə gətirib? Sosial problemlərin qabardılması ölkədə sosial narazılıqları körükləmək məqsədi daşıyırmı? Və ən əsası, ümumiyyətlə, “Sputnik – Azərbaycan”ın fəaliyyətini rəsmi Bakı niyə qadağan etmir?
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli zaman-zaman bu məsələni gündəmə gətirdiyini qeyd etdi: “”Sputnik”in Azərbaycandakı ofisinə kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu informasiya resursu həmişə Marqarita Simonyan tərəfindən idarə olunub. Təlimatlar Simonyan tərəfindən və bilavasitə onun görəvləndirdiyi şəxslər tərəfindən verilib. “Sputnik Azərbaycan”ın rəhbərliyinə təyinat alan şəxslər də bu təlimatları icra etmək, hətta Azərbaycanın milli maraqlarının əleyhinə çalışmaq “potensialında” olduqları üçün də “namizədlikləri” Simonyan və xüsusi xidmət orqanları tərəfindən təsdiq olunub. “Sputnik Azərbaycan”da baş verənlərdən kifayət qədər məlumatlı olduğum üçün bu təbliğat resursunda bütün dövrlərdə Ermənistanla, Azərbaycan ərazilərində yaşayan etnik ermənilərlə, Rusiya və onun maraqları ilə bağlı olan bütün yazıların mərkəzə göndərildiyini, Simonyanın və komandasının süzgəcindən keçdikdən sonra yayımlandığını bilirəm. Düşünürəm ki, məndən daha yaxşı bilənlər də var. Bu təbliğat resursunun gündəlik mövzuları belə əksər hallarda mərkəzi ofisdən göndərilib.
Elçin Mirzəbəyli
Daha doğrusu, istiqamətlər, tezislər Simonyan tərəfindən müəyyənləşdirilib və bu tezislər əsasında da mövzular işlənilib. Vitali Denisovun gəlişindən sonra nəzarət mexanizmləri daha da gücləndirilib, ictimai narazılıq yaradılmasına xidmət edən yazıların motivləri daha da sərtləşdirilib. Bu da Denisova mərkəzdən verilən təlimatlar əsasında baş verib. Bu heç də Denisovdan öncəkilərin “mələk” olduğunu söyləməyə əsas vermir. Hamısı bir bezin qırağıdır. Mən illərdir ki, konkret faktlara istinad edərək, “Sputnik Azərbaycan”ın fəaliyyətinin dayandırılması təşəbbüsü ilə çıxış etmişəm. Hər yazıdan, yaxud sosial şəbəkədə paylaşdığım statusdan sonra həmin resursda çalışan “azərbaycanlılar” elə “azərbaycanlı rəhbər”in təlimatı ilə fasiləsiz olaraq mütəşəkkil şəkildə üzərimə hücum çəkirdilər və özlərini Simonyanın qohum-əqrəbaları kimi aparırdılar. Rusiyanın “troll ordusu”nun Azərbaycana yönəlik fəaliyyət göstərən qrupları da “Sputnik Azərbaycan”dan idarə olunub və düşünürəm ki, bu təsisatla bağlı ciddi araşdırmalar aparılarsa, çox mətləblər ortaya çıxacaq”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, bu kanalla bağlı yekun qərar verilməlidir: “”Sputnik” Rusiyanın təbliğat maşınıdır. Media qurumu deyil. Bu həm təbliğat, həm də kəşfiyyat əlaqələrinə xidmət edir. Həmin agentliyin, “Russia Today” televiziyasının müxtəlif ölkələrdəki fəaliyyəti də bundan xəbər verir. Təsadüfi deyil ki, hətta Ukrayna müharibəsindən qabaq da bu agentliyin və televiziyanın fəaliyyəti ilə bağlı müxtəlif ölkələrdə ciddi iradlar var idi. Hətta Rusiya prezidenti Vladimir Putin bir neçə il əvvəl Fransaya səfər etdikdə bu ölkənin prezidenti Emmanuel Makron da mətbuatın gözü qarşısında bu agentlikdən Kremlin sahibinə şikayət etmişdi. Təxribatlarla məşğul olur, Kremlin sifarişlərini yerinə yetirir. Üstəgəl, fəaliyyət göstərdiyi ölkələrdə dezinformasiyalarla məşğuldur. Azərbaycan əleyhinə də bu agentlik rəhbərliyi fəaliyyət göstərir, Simonyan və onun ətrafındakı qruplaşma. Misal üçün, bu agentliyin Ermənistandakı bürosu Azərbaycan əleyhinə dezinformasiyalar yayır, təxribatlar aparır. Açıq-aşkar Azərbaycanı hədəf götürüb, həm rəhbərlik, həm də agentliyin özü. Belə olan vəziyyətdə bu agentliyin Azərbaycanda fəaliyyətini davam etdirməsi mürəkkəb bir məsələyə çevrilib. Azərbaycan bürosuna da separatçı bir bölgədən birisinin gətirilib rəhbər təyin edilməsi ikiqat ölkəmizin hədəfə götürülməsidir. Bu, Azərbaycanın milli və təhlükəsizlik maraqları ilə uzlaşmır. Düşünürəm ki, artıq “Sputnik”in Azərbaycan bürosu ilə bağlı qərar verilməlidir. Belə vəziyyətdə başqa alternativ görmürəm. Amma agentlikdə çalışanların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır, həmkarlarımızdır. Əlbəttə, onların müvafiq iş yerləri ilə təmin olunması məsələsi həllini tapmalıdır”.