!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyanın konkret Qarabağ planı

!Reklam – Yazi

PUTIN“Hərb, yoxsa sülh” dilemması çözülmək üzrə; Rusiya XİN başçısının bu gün başlayacaq Ermənistan səfəri Kremlin həll modeli ətrafında müəmmalara yeni işıq sala bilər; ekspert rəyləri birmənalı deyil; Moskvanın planı hər iki dövləti asılı vəziyyətdə saxlamağa hesablanıb?..

Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 5-dən, Rusiyanın təşəbbüsü ilə əldə olunan atəşkəsdən sonra elə Rusiyanın özü tərəfindən sülh təşəbbüskarlığı davam edir. Artıq Kremlin konkret həll planının olduğu da bildirilir. “Kazan modeli” və ya “Lavrov planı” adlandırılan həmin planın bəzi detalları barədə həm rusiyalı siyasi ekspertlər və Rusiya KİV-ləri, həm də yerli təhlilçilər son günlər bəzi mülahizə və fikirlər səsləndiriblər. 
Ortaq qənaət hələlik belədir ki, Moskva əslində “Madrid prinsipləri”nin bir qədər modifikasiya olunmuş variantını tərəflərə təklif etmək istəyir – yəni ortalıqda “yeni sənəd” adlı bir şey də yox. Hərçənd bütövlükdə sənəd rəsmən nə tərəflərə təqdim olunub, nə də açılıb. Böyük ehtimalla, Rusiya hələ ki, münaqişə tərəfləri ilə intensiv diplomatik zondaj apardığı, Bakı və İrəvanın ilkin razılığını almadığı üçün sənəd haqda susur.
***
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu gün başlayacaq iki günlük İrəvan səfəri yəqin ki, bu yöndə bir sıra qaranlıqlara işıq sala biləcək. Xatırladaq ki, Rusiya diplomatiyasının “ağır topu” aprelin əvvəlində, 4 günlük savaşdan dərhal sonra Bakıda olmuşdu. Ondan bir gün sonra isə baş nazir Dmitri Medvedyev və onun müavini, Putinin yaxın adamı, Rusiya hərbi-sənaye kompleksini kurasiya edən Dmitri Roqozin Azərbaycana təşrif buyurmuşdular.
Demək, Lavrov Ermənistana artıq  Bakının tanış olduğu hansısa konkret planla gedir. Maraqlıdır ki, Rusiya XİN başçısının İrəvan səfəri öncəsi “İzvestiya” qəzeti Kremldəki etibarlı qaynaqlara istinadən yazıb ki, prezident Vladimir Putin şəxsən Qarabağ məsələsi ilə məşğul olmaq qərarı verib. “Rusiya, şəxsən prezident Putin yaxın günlərdə başlayacaq Qarabağ danışıqlarında kompromis əldə olunmasına aktiv şəkildə yardımçı olacaq. Putin Azərbaycan ərazilərinin bir hissəsini qaytarmaq istəyir” – nəşr vurğulamışdı.
“İzvestiya” Azərbaycan ərazilərinin bir qisminin nəyin qarşılığında azad olunması haqda da yazmışdı: “Plan ondan ibarətdir ki, Azərbaycan ərazilərinin bir qismi qaytarılır, münaqişə zonasına sülhməramlı qüvvələr yeridilir, köçkünlər qayıdır və Dağlıq Qarabağ legitimləşir, yəni sərhədlər açılır, iqtisadi əlaqələr bərpa edilir, daha sonra, yəni emosiyalar yatdıqdan sonra regionun mənsubluğu haqda referendum keçirilir”.
***
Lavrovun İrəvana məhz belə bir planı aparacağı mümkündür. Bəzi məlumatlara görə, həmin plana ərazilərin bir hissəsinin qaytarılması qarşısında Avrasiya layihələrinə Azərbaycanın qoşulmasına Bakının razılığını almaq da var və “sülhməramlı” dedikdə Moskva elə Rusiya hərbçilərini nəzərdə tutur. Bu üzdən ən çox Bakının Kremlin yeni-köhnə sülh planına hansı reaksiyanı verəcəyi maraq doğurur və həlledici ola bilər.
Bəs görəsən, ortada Azərbaycana qarşı hansısa ortaq rus-erməni məkri yoxdur ki? Azərbaycanın başının altına növbəti dəfə yastıq qoymaq istəmirlər ki?   
“Ermənistanda anti-Rusiya meyllərinə baxmayaraq, rus və erməni siyasi elitası arasında ciddi bir anlaşma var”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşavirinə görə, Rusiya Qarabağda həll planını da, hərbi təşəbbüsləri də əlində saxlayır: “Moskva bəyan edib ki, bundan sonra Ermənistanı intensiv surətdə silahlandırmaq lazım gələcək. Hər iki tərəf İrəvan yaxınlığında yeni bir Rusiya hərbi bazasının açılmasını planlaşdırır. Hətta bunun üçün müvafiq yer də ayrılıb. Digər tərəfdən, sülh təşəbbüsü ilə çıxış edən Kreml indi də Kazan variantını bir qədər təkmilləşdirərək Lavrovun adı ilə irəli sürür”.
 
Politoloq Qarabağ ətrafında baş verənlər fonunda bəzi ölkələrin mövqeyinə də aydınlıq gətirib: “Qərb artıq Qarabağ proseslərinə qoşulub. Amerika Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı ortaya mövqe qoyub. Avropa Birliyinin, özəlliklə Almaniyanın mövqeyi kifayət qədər cəlbedicidir. Bütün bu pozitiv atmosfer Rusiyanı hər hansı təhdidedici addımlardan çəkindirə bilib. Açığı, indi olmasa da, müəyyən dövrdən sonra Rusiya və Ermənistanın Azərbaycana qarşı çox məkrli planlarının üstü açılacaq. Məhz Azərbaycan ordusunun yüksək səviyyəsi bu planları alt-üst etdi. Rusiya görür ki, Azərbaycan qərbyönlü siyasət yürüdür, artıq NATO bölgəyə ayaq aça bilər və Qərb strateji maraqlarına cavab verən Azərbaycanı qoruyur. Azərbaycana Qərbdən güclü təbliğat dəstəyi Rusiyanı və əlaltısı Ermənistanı hələ də qüvvədə olan məkrli planlarından çəkindirir”.
 
Q.Hüseynliyə görə, tezliklə Qərbin simasında münaqişənin daha ədalətli həllinə yardım edən bir güc mərkəzinin Azərbaycanın tərəfində olduğunun şahidi olacağıq: “Rayonların qaytarılması kifayət qədər real görünsə də, Dağlıq Qarabağa aralıq statusu verilməsi də gündəmdədir. Hazırda Rusiya Cənubi Qafqazdakı maraqlarını qorumaq üçün dəridən-qabıqdan çıxır. Moskvanın hazırkı sülh planı hər iki dövləti asılı vəziyyətdə saxlamağa hesablanıb. Üstəlik,  Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək kimi bir niyyəti də var”.
***
Əlbəttə ki, Rusiyanın Ermənistana istənilən sülh planını qəbul etdirmək imkanı var. İstisna deyil ki, prezident Serj Sərkisyanın öz qatı siyasi rəqibi, keçmiş prezident Levon Ter-Petrosyanın ayağına getməsi, onunla hələ də məsləhətləşmələr aparması, həmçinin tələm-tələsik işğal  altındakı Dağlıq Qarabağa yollanması ən əvvəl güzəştlərlə bağlı ictimai nəbzi və ab-havanı yoxlamaqla əlaqədardır.
Erməni mediası isə yazır ki, 4 günlük müharibədən sonra işğalçı ölkədə “Daşnaksütyun”dan savayı ərazi güzəşti əleyhinə olan ictimai-siyasi qüvvə qalmayıb. Deməli, qalır faktiki, Azərbaycanı razı salmaq. Ancaq nəyin qarşılığında, “Lavrov planı” ərazi bütövlüyümüzə və suverenliyimizə təminat verirmi? Günün əsas sualı və gözləntisi də budur. 
Odur ki, ayıq-sayıq olmalı, ilk növbədə də qardaş Türkiyədən bərk yapışmalıyıq. Hər halda, hərb variantını, BMT qətnamələrinin verdiyi haqqı heç kim Azərbaycanın əlindən almayıb – özümüz yazılı imtina eləməsək. Lavrovun İrəvan səfəri bu xüsusda  “Hərb, yoxsa sülh” dilemmasına da aydınlıq gətirə bilər. /Musavat.com

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv