Rusiyanın nüvə arsenalından ASILILIĞI: “Həmin raketlərin başlıqları çıxarılır və…” – Britaniya kəşfiyyatı

“Bu məcburiyyət Rusiyanın raket ehtiyatlarının tükənməsinin daha bir göstəricisidir”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirlər Böyük Britaniya kəşfiyyatının şənbə günü təqdim etdiyi növbəti hesabatda yer alıb.

Hesabatda qeyd olunub ki, raket ehtiyatlarının tükənməsi Rusiyanı nüvə arsenalına əl atmağa vadar edib:

“Açıq mənbələrdə nüvə başlıqlarının daşınması məqsədilə 1980-ci illərdə hazırlanan və Ukraynada son döyüşlərdə məhv edilən AS-15 KENT (Х-55 – Red.) qanadlı raketlərinin qalıqlarının görüntüləri yerləşdirilib. O görüntülərə əsasən, raketin nüvə başlığı ballastla dəyişdirilib.

Böyük ehtimalla, Rusiya köhnə qanadlı raketlərin nüvə başlıqlarını çıxararaq Ukraynanı döyüş hissəsi olmayan həmin raketlərlə atəşə tutur.

Bu halda raket yönləndirdiyi hədəfə müəyyən ziyan vursa da, onun vasitəsilə qarşıya qoyulan məqsədə nail olmaq mümkün deyil.

Rusiya ümid edir ki, bu raketlər həm də Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin diqqətini yayındıra bilər.

Niyyətindən asılı olmayaraq, bu məcburiyyət Rusiyanın raket ehtiyatlarının tükənməsinin daha bir göstəricisidir”.