Rusiyanın pozulan PLANLARI: “…müxtəlif adamların dili ilə təhdidlər yağdırırlar” – ŞƏRH

“Rusiyanın Azərbaycan-Türkiyə tandeminə qarşı vuruşmağa gücü yoxdur”.

Bunu sön günlər Rusiyadan Azərbaycana müxtəlif şəxslər tərəfindən səsləndirilən təhdidlər, bunların səbəbləri, gözlənilən nəticələri şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, Rusiyanın istər regionla, istərsə də Azərbaycanla bağlı davranışlarında qəribə heç nə yoxdur:

“Əvvəlcədən də bəlli idi ki, Rusiya bölgədə yerləşmək istəyir və çıxmaq istəmir. Rusiya Ruben Vardanyanı Qarabağa göndərdi. Faktiki olaraq Arayik Arutunyanı kənarlaşdırıblar. Rusiya Vardanyan vasitəsi ilə proseslərə nəzarət etmək istəyirdi, Qarabağda əhalinin təmsilçisi kimi onu görürdü. Eyni zamanda Vardanyan da bildirirdi ki, status məsələsi həll olsun, qarant kimi də rus ordusu Qarabağda qalsın. Azərbaycan da bu oyunu bildi və açıq şəkildə bildirdi ki, o şəxsi qəbul etmir. Azərbaycan Prezidenti İlham Əliyev hətta bildirdi ki, yerli əhali ilə danışıqlar apararıq. Bu mərhələdə Rusiyanın oyunu pozuldu.

Digər tərəfdən ekoloji fəallar çıxıb etiraz etməyə başladı. Azərbaycanlı fəallar etiraz edir, bunun Rusiyaya nə dəxli var?! Görünən məsələ odur ki, heç bir razılıq əldə olunmayıb.

Rusiyanın başı Ukraynaya qarışıb. Rusiyanın Azərbaycan-Türkiyə tandeminə qarşı vuruşmağa gücü yoxdur. Buna baxmayaraq, yaralı da olsa, ayı yerindədir.

Rusiyanın planları pozulduğu üçün ənənəvi olaraq təhdid dilində danışmağa başlayıb. Rusiya KİV-də də Azərbaycana qarşı basqı olacaq. Vardanyanın çıxışlarını yayırlar. Ona görə də müxtəlif adamların dili ilə təhdidlər yağdırırlar. Bu vətən müharibəsidir və sonda biz qalib gələcəyik”.

Səxavət Məmməd