Rusiyanın Qarabağ “oyunu”na AZƏRBAYCANIN REAKSİYASI: “Ermənistanın rəsmi şəxsinin yerindəcə vurulması kifayətdir”

“Sülhməramlılar erməniləri oradan çıxarmaq əvəzinə, məhv edilmiş qalıqların təşkilatlanmasını həyata keçirdilər, onların yenidən təşkilatlanmasına şərait yaratdılar”.

Bu fikirləri Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın və Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsindən keçən bir il müddətində baş verən hərbi prosesləri şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, ötən bir il ərzində Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirməyib:

“Sülhməramlıların Qarabağa yerləşdirilməsi atəşkəs prosesini başlatdı. Ondan sonrakı dönəmdə bilirik ki, sülh prosesi başlamayıb. Ermənilər sülh sazişinə gəlməyə meyilli də deyillər. Ötən bir il ərzində sülhməramlıların orada olmasından daha çox ermənilər istifadə etdilər. Sülhməramlılar erməniləri oradan çıxarmaq əvəzinə, məhv edilmiş qalıqların təşkilatlanmasını həyata keçirdilər, onların yenidən təşkilatlanmasına şərait yaratdılar. Bilirik ki, Qarabağ ərazisində müharibənin başlanğıcına qədər birinci ümumqoşun ordusu dedikləri Qarabağ müdafiə ordusu var idi. Arazdan Murova qədər müdafiə zolağı var idi və o zolağı qoruyurdular. Müharibədən sonra həmin ordunun qalıqları sülhməramlıların nəzarəti altında olan ərazidə cəmləşdilər və sonra hərbi struktura çevrildilər. Həmin ümumqoşun ordusunun atributları, dağ atıcı alayları, Ağdərə, Suqovuşan və digər ərazilərdəki alaylar yenidən təşkilatlanıb mövcudluqlarını bərpa etdilər. Sadəcə olaraq müdafiə sahələri dəyişdi. Dolayısı ilə onlar yeni təmas xətti yaratmağa başladılar. Adını da qoydular ki, təhlükəsizliyimizi təmin etmək üçün bu həddləri yaratmalıyıq. Sülhməramlılar da buna göz yumdu, hətta dəstək verdi. Erməni tərəfi Azərbaycan qələbənin eyforiyasını yaşadığı dönəmdə bundan istifadə edərək hərbi struktur yaradıb, təmas xəttinin bərpasına başladı. Ruslar deyir ki, ermənilərin 27 postu mövcuddur. 27 postla onlar bütün Qarabağın perimetrinə necə nəzarət edə bilərdilərsə, buna nəzarət edirlər. Bunun içərisində Azərbaycan tərəfinin müdaxilə edə bilməyəcəyi hərbi yöndə ağlımıza gələn bütün proseslər baş verir. Hətta proses o həddədir ki, biz gözlədiyimiz halda ki, ümumqoşun ordusunun tör-töküntüləri rədd olub gedəcəklər, əksinə Ermənistanın müdafiə naziri heyəti ilə Qarabağa gəlir, bölmələri yoxlayır, təftiş edir, onları mükafatlandırır, döyüş tapşırıqları verir. Bu, açıq təhriketməkdir. Həm üçtərəfli bəyanata imza atacaqsan ki, bunların heç biri olmayacaq, həm də bir il ərzində təşkilatlanacaqsan, sonra da müdafiə nazirini bölgəyə göndərəcəksən. Bu reallığı da Rusiya sülhməramlıları yaradır. Dolayısı ilə burdan çıxan nəticə ondan ibarətdir ki, Rusiya sülhməramlıları ikili oynayır. İkili oynamaq o deməkdir ki, Rusiya Azərbaycan tərəfini erməni silahlılarını tərksilah edəcəkləri ilə arxayın edir, digər tərəfdən isə Qarabağda qalan erməni silahlılarını təşkilatlandırır, hərbi struktur formalaşdırır”.

Hərbi ekspertin fikrincə, Azərbaycan tərəfinə qalan üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsi üçün məcburetmədən istifadədir:

“Məcburetmə rıçaqlarımızdan birincisi siyasidir. Azərbaycan tərəfi Rusiya dövlətini üçtərəfli bəyanatdan irəli gələn müddəaların yerinə yetirilməsi üçün atdığı imzaya hörmət etməsinə təşviq etməlidir. Ermənistanı kənara qoymaq lazımdır. Çünki Ermənistan bu məsələdə söz sahibi deyil. Siyasi yöndən baxanda görürük ki, Rusiya dövləti Qarabağda proseslərin başlamasını təşil etmir. Heç bir proses getmir. Dolayısı ilə Rusiya dövləti demək istəyir ki, sülhməramlıların yerləşdiyi ərazidə bizim qaydalar keçir. Rusiya həm üçtərəfli bəyanata imza atır, həm də orada bildiyi kimi davranır. Bizi təhrik edirlər. İstər Silahlı Qüvvələrimizi, istər əhalini təhrik edirlər. Əsəb və psixoloji müharibə gedir. Əgər Qarabağa Ermənistan müdafiə naziri gələ bilirsə, ora istənilən bir şey gətirilə də, aparıla da bilər. Müşahidə aparırıq, bu müşahidə vizualdır, praktiki olaraq heç bir addım ata bilmirik. Sülhməramlılar bunun qarşısını alır. Bu, imzamıza hörmətsizlikdir. Bizimlə birgə həm üçtərəfli bəyanata imza atıblar, həm də elə hərəkətlər edirlər ki, müdaxilə imkanımız olmur. Bunun cavabı normalda dəqiq zərbədir. Ermənistanın bir rəsmi şəxsi yerindəcə vurulsa, bu, yetərli olar. Əməyimizin qarşısını Rusiya sülhməramlıları alır. Sülhməramlılar problemimizin daha uzun illərə yayılmasının iştirakçısıdır. Nə inteqrasiya var, nə hansısa proses, beləcə daha da aqressivləşmə baş verir.

Ermənilər düşünür ki, bizim müdafiə naziri getdisə, sabah baş nazir də gedə bilər. Bunlar bunu bizə qəbullandırmaq istəyirlər. Əgər bunu qəbullanacağıqsa, bunun adını qoyaq və elə davranaq. Qəbullanmayacağıqsa, yerindəcə tədbirini görməliyik. Bu ssenariləri yazan Rusiya davamında hansı planlar qurub, bunu bilmirik. Bizim adımıza, dövlət, ordu, qalib ölkə adına onların etdiyi bu hərəkətlər qəbuledilməzdir”.

Sülhməramlıların Qarabağda qalma müddətinə gəldikdə isə Elxan Şıxəliyev bunları deyib:

“Siyasi texnologiyalar tarixi göstərir ki, Rusiya girdiyi yerdən heç vaxt çıxmayıb, ən azından, istədiyini almayınca çıxmayıb. Rusiyanın buradan çıxmasını təxmin etmək mümkün deyil. Provokasiya edəcəklər, atəşkəs pozulacaq, “Biz çıxsaq burdan qırğın olacaq”, – deyib, imitasiya edib, varlıqlarını davam etdirəcəklər. Dövlət adına, “Sizi buradan çıxarırıq”, – deməyimiz onların adekat addımlarına hazır olmağımız deməkdir. Buna nə qədər hazırıq, onu da bilmirik. Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə elə hadisələrin baş verəcəyini görəcəyik ki, əsəbləşməkdan başqa əlimizdən heç nə gəlməyəcək. Danışın, deyin, rahatlayın və barışın. Stiuasiya bundan ibarətdir”.

Səxavət Məmməd