“Münaqişənin ilk günündən bəlli idi ki, Ukrayna prezidenti Volodimir Zelenskinin həyata keçirdiyi siyasət Ukrayna torpaqlarının itirilməsinə və ölkənin iki yerə bölünməsinə gətirib çıxara bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
O, Rusiya-Ukrayna müharibəsinin pik həddə çatması və rusların təşəbbüsü ələ alması ilə bağlı yayılan informasiyaları, habelə tərəflərin yaxın zamanda masaya oturması ehtimallarını şərh edib.
A. Hüseynovun qənaətinə görə, bir çox analitiklər hazırda Rusiyanın növbəti davranışı ilə bağlı bir söz deyə bilməzlər:
“Çünki Rusiya son 500 ildə lokal müharibələri çıxmaq şərti ilə hərb meydanında heç bir böyük dövlətə uduzmayıb. Rusiyanın qarşısını almağın yolu isə açıq hərbi münaqişə deyil. Çünki Rusiya müharibəni davamlı aparmaq üçün iki əsas resursa malikdir: bunun biri qida, ikincisi isə insan resursudur. Yəni Rusiya bunu öz daxilindən təmin edir. Beynəlxalq maliyyə sanksiyaları, digər iqtisadi sanksiyalara baxmayaraq, Rusiya 500 ilinin 200 ilini bu şəraitə yaşamağa öyrəşmiş bir dövlətdir. Çünki belə olan təqdirdə, ruslarda özünə yetmə mexanizmi işə düşür və hərbi nizama tez keçə bilirlər”.
Onun sözlərinə görə, Ukraynada isə vəziyyət fərqlidir:
“1991-ci ildə SSRİ-nin dağılmasından sonra bu dövlətin əmələ gəlməsi, əslində, böyük bir müvəffəqiyyət idi. Amma baş verənlər onu göstərir ki, yekunda tərəflər faktiki atəşkəsə gedəcəklər, çünki Ukraynanın Rusiya ilə savaşmağa artıq daxili resursu yoxdur və taqəti qalmayıb. Qərb dövlətləri isə bu müharibədə Kiyevə qarşı səmimi deyillər, əksinə, sadəcə, öz maraqlarını güdürlər. Məhz buna görə də onların köməklərində və diplomatiyasında dinamikalar ziqzaqvaridir. Onlar gah Ukraynanı açıq savaşa təhrik edirlər, gah da açıq savaşın ortasında bəyanatlar verirlər ki, Ukrayna müharibədən çəkilib diplomatik danışıqlara getsə daha yaxşıdır və s.”
“Qısacası, Ukraynanın hərbi sahədə Rusiyaya qarşı hər hansı bir strateji müvəffəqiyyət qazanması bir az mümkünsüzdür. Çünki Kursk əməliyyatı həm də Rusiyanın daxilində bəzi qüvvələrin Putinə mesajı idi. Yəni proseslərin atəşkəsə doğru getməsi istisna edilmir. Ona görə ki, ölkənin 20%-i işğal olunub, 10 milyondan artıq ukraynalı qaçqın kimi Avropaya səpələniblər. Hətta bu gün Ukraynada fərarilik halları pik həddədir. Bu gün Ukrayna Səfərbərlik Xidməti əməlli-başlı əsgər ovuna çıxıb. Bir də ki, bunlar slavyan xalqlarıdır. Bu gün nə qədər vuruşsalar da, təməlində bir-birilərinə bağlıdırlar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov