Rusiyanın Qazaxıstan SEVDASI – Sosial səbəbdən başlayan iğtişaş, böyük güclərin “ƏL”i – Nə baş verir? / Hərbi ekspert

“Rusiya Qazaxıstana cəlb etdiyi qüvvənin adını sülhməramlı qoysa da, əslində onlar qeyri-leqal “Vaqner” muzdluları olacaq”.

Bu fikri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana girməsini və Rusiyanın bu işdəki rolunu şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, ölkələrdə sosial durum zəifləyəndə böyük aktorların oyunçuları dövriyyəyə girir.

“KTMT-nin ilkin variantında nəzərdə tutmuşdular ki, təşkilata daxil olan ölkələrin birinə hərbi müdaxilə olarsa, dərhal buna cavab verilsin. Ancaq indi görünür ki, KTMT ölkələrinin daxili narazılıqları zamanı da təşkilatı bu işə cəlb edə bilirlər. Düşünürəm ki, Qazaxıstandakı olaylara “Vaqner” muzdluları müdaxilə edəcəklər. Onun arxasında gələcəkdə hər-hansısa narazlıqlar yaranarsa və dövlətin mövqeyi fərqli olarsa, deyəcəklər ki, bu, hərbi qurum deyildi. Biz bunu Belarus nümunəsində gördük, eyni ssenarini həyata keçirildi. İndi Qazaxıstan nümunəsində də bunu görəcəyik. Əslində, Rusiya postsovet ölkələrində öz təsir dairəsinə aldığı dövlətlərin liderlərini dəstəkləmək üçün bu tipli siyasi addımlar ata bilir. Bunu KTMT-nin adı ilə göstərirlərsə, bu o deməkdir ki, gələcəkdə ölkədə kim dövlət başçısı olacaqsa, Rusiyayönümlü olan siyasi qüvvəni təmsil etməlidir.

İxtişaşlar olanda biz daha çox üzdə olan hissəni, xalqı görürük. Ancaq onun arxasında, əslində, görünməyən qüvvələr var. Görünməyən qüvələrin məqsədləri olur. İstənilən halda iki yöndə mübarizə gedir. Biri Rusiyaya, digəri isə Qərbə loyal ölkələr. Düşərgələrin konkretləşməsi getdiyi üçün daha genişmiqyaslı götürsək, dünyanın bölünməsi üzərinə böyük aktorlar ölkələr üzrə aktivləşiblər. Ölkələrdə sosial durum zəifləyən kimi böyük aktorların oyunçuları dövriyyəyə girirlər. Oyunçular da dövriyyəyə girəndə əsas məqsəd ölkənin gələcəkdəki iqtisadi çıxarlarını öz maraqlarına uyğun istifadə etmək olur. Bunun üçün də loyal olan hakimiyyət gəlməlidir. Ondan sonra, “Dəstək verdim, qarşılığını ver”, – deyirlər. Belə hadisələr xalqla başlayar, nəticə böyük güclərin istəyi üzərinə bitər. Burada da görünən odur ki, proses Rusiyanın istəyi üzrə yekunlaşa bilər. Buna da böyük qanlar hesabına nail olacaq. Görünən odur ki, siyasi liderlər, hakimiyyət silahlı müdaxiləni demokratikləşmə üzərinə deyil, başqa bir dövlətin istəyi üzrə götürəndə bir müddət sonra əks effekt verir. Proses tərsinə dönür. Zamanında bir çox ölkələrdə də bu proseslər baş vermişdi.

Görünən odur ki, Rusiya keçmiş SSRİ-nin şinelindən çıxmış ölkələri öz orbitində saxlamaq üçün KTMT vasitəsi ilə əldə etmək istəyir. Postsovet ölkələrində bu kimi hadisələrin olmayacağından heç kim sığortalanmayıb. İxtişaşlar sosial səbəblərdən başlayır, nəticə etibarı ilə böyük güclərin istəyi üzrə yekunlaşır. Qazaxıstanda da bu baş verir”.

Səxavət Məmməd