Rusiyanın regiona atdığı “BOMBA”: “Dondurulmuş münaqişələrin yenidən aktiv fazaya keçməsi üçün…” – RƏY

“Qərb ölkələrinin yeni konfliktlərə cəlb olunması Rusiya üçün manevr imkanları yarada bilər”.

Bunu Rusiyanın Ukraynada apardığı müharibə fonunda rəsmi Moskvanın diqqəti yayındırmaq üçün digər münaqişə ocaqlarını alovlandırma ehtimalını şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Zaur İbrahimli bildirib ki, Rusiya mövcud şəraitdə təsir imkanlarını saxladığı ölkələrdə Kremlə dəstək aksiyaları keçirməyə və müsbət ictimai rəy formalaşdırmağa çalışır:

“Hətta Almaniyada Rusiyaya dəstək aksiyasının şahidi olduq. Eyni zamanda, ayrı-ayrı ölkələrdə Rusiya lobbi qruplarından dəstək alan beyin mərkəzləri, politoloqlar, ictimai xadimlər Kremlin Ukraynadakı işğalçılıq planlarını preventiv, məcburiyyətdən atılan addım kimi dəyərləndirməyə çalışırlar.

Rusiyanın Ukraynaya işğalçı hücumundan dərhal sonra Moskvaya qarşı aksiyalar Kremlin informasiya savaşında mövqelərini sarsıtdı. Bununla belə, artıq müşahidə olunur ki, ruslar açıq və gizli dəstəkçilərini hərəkətə gətirməyə başlayıblar və ənənəvi üsullarını işə salırlar.

Bununla yanaşı, bir çox ekspertlər Rusiyanın ABŞ və digər Qərb ölkələrinin cəlb olunduğu yeni münaqişəli vəziyyətlər yaratmağa çalışacağını, dondurulmuş münaqişələrin yenidən aktiv fazaya keçməsi üçün səy göstərəcəyini proqnozlaşdırırlar. Rusiyanın Orta Asiyada, Yaxın Şərqdə, Şərqi Avropa regionunda bu imkanlarının olduğu güman edilir. Kremlin hazırda bu cür imkanları reallaşdırmaq potensialı barədə fikir söyləmək çətindir. Bununla belə, Qərb ölkələrinin yeni konfliktlərə cəlb olunması Rusiya üçün manevr imkanları yarada bilər. Rusiya Suriyada vətəndaş müharibəsindən məharətlə istifadə etməyi bacardı, Liviyada münaqişə tərəflərindən birini dəstəkləməklə regionda təsir imkanlarını saxladı, Qazaxıstandakı iğtişaşlara müdaxilə etdi və Nur-Sultan hakimiyyətinə təsir rıçaqları əldə etdi. Kremlin yenidən bu təcrübədən yararlanmaq üçün imkanları nəzərdən keçirməsi istisna deyil”.

Səxavət Məmməd

COP29