Rusiyanın terror XƏBƏRDARLIĞI: “Bu çağırış təəccüblü deyil, ona görə ki…” – ŞƏRH

“Əsas məqsəd diqqəti anti-Amerika əhval-ruhiyyəsinə kökləməkdir”.

Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı MDB ölkələrində terror ola bilər xəbərinə münasibət bildirən politoloq Aqşin Kərimov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Rusiyanın Xarici Kəşfiyyat Xidməti ABŞ-nin İŞİD və Əl-Qaidə terrorçularının əli ilə terror törədəcəyi barədəki bəyanatının şifrələrini çözmək bir qədər çətindir:

“Mümkündür ki, Rusiya “hadisələr Rusiya ilə yanaşı postsovet məkanında da ola bilər” açıqlaması ilə özünə tərəfdar toplayaraq, ABŞ-yə qarşı yeni cəbhə yaratmaq istəyir. Rusiya MDB coğrafiyasındakı ölkələri antiterror əməliyyatları adı ilə Qərbə qarşı koalisiyada iştirakına zəmin yaratmağı hədəfləyə bilər.

Amma bir məsələ də var ki, terrorçu-ekstremist təşkilatlar canlanaraq əvvəlki kimi fəaliyyət göstərməyə çalışırlar. Bu nöqtədə Rusiyanın çağırışını yoxlamağa dəyər. Onun blefi ilə həqiqət müstəvisi arasında sərhəd müəyyən edilməlidir.

Digər tərəfdən, ABŞ Rusiyada yaşayan və bu ölkəyə səfər edən vətəndaşlarını ölkəni tərk etməyə çağırıb. Bu çağırış həmin terrorçu dəstələrin regiona soxulacağı barədə informasiyalar fonunda diqqət cəlb edir.

Prinsipcə, Rusiyanın bu çağırışı təəccüblü deyil, ona görə ki, əsas məqsəd diqqəti anti-Amerika əhval-ruhiyyəsinə kökləməkdir”.

Nəsimi Ələsgərli