Rusiyanın Ukrayna cəbhəsindəki məğlubiyyəti: “Bunu Cənubi Qafqazda strateji üstünlük əldə etməklə kompensasiya etmək istəyir”

“Rusiya Ukrayna cəbhəsindəki məğlubiyyətin əvəzini Cənubi Qafqazda strateji üstünlük əldə etməklə kompensasiya etmək istəyir”.

Bu sözləri Rusiya telekanallarında Azərbaycan əleyhinə təbliğat aparılması, rəsmi Moskvanın Qarabağla bağlı niyyətini ortaya qoymasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya dünənə qədər əl altından gördüyü işləri açıq sürətdə, nümayişkaranə bir tərzdə həyata keçirir:

“Rusiyanın etdiklərinin hamısı anti-Azərbaycan xarakteri daşıyır, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib, ermənipərəst mövqedir. Rusiya sanki Ukrayna cəbhəsindəki məğlubiyyətin əvəzini Cənubi Qafqazda, xüsusilə Qarabağ üzərindən qurduğu oyunla kompensasiya etmək istəyir.

Ən təhlükəlisi odur ki, dişi qana batmış imperialist dövlət postsovet məkanında provakasiyaları davam etdirmək fikrindədir. Xüsusilə də Türk Dövlətlər Birliyinin noyabr ayının 12-13-də keçiriləcək iclası ərəfəsində Azərbaycana qarşı daha aqressiv hərəkətlər etməyə başlayıb.

Azərbaycanın baş verənlərlə bağlı beynəlxalq təşkilatlara şikayətinə ehtiyac var. Çünki Azərbaycan bir dəfə Rusiyaya xəbərdarlıq edib, nota verib, ancaq bunun təsiri görünmür. Rusiya üçün nə beynəlxalq hüquq normaları, nə beynəlxalq qanunlara hörmət var. Rusiya istədiyini etməyə çalışır. Rusiyanın son addımı təhlükəlidir. Rusiya etdikləri ilə Ermənistanı və Qarabağdakı separatçıları ruhlandırmağa yönəlib. Görünür, lokal antiterror tədbirlərinin keçirilməsinə yenidən ehtiyac yaranacaq. Azərbaycan bunu mütləq etməyə məcbur olacaq.

Üstəlik, Rusiya sülhməramlılarının ərazilərimizdən çıxarılması məsələsi gündəmə gətirilməlidir”.

Səxavət Məmməd