“Rusiya Prezidenti Vladimir Putinin Xarkovu ələ keçirmək fikrində olmadıqlarını bildirməsi NATO-nun sayıq olmasının qarşısını almaq məqsədi daşıyır”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin Xarkovu ələ keçirmək kimi bir niyyətlərinin olmadığı yönündəki açıqlamasına münasibət bildirən Türkiyənin Kocaeli Universitetinin professoru, analitik İrfan Qaya Ülgər Yenicag.az-a şərhində deyib.
Professor xatırladıb ki, Rusiya Silahlı Qüvvələri bu həftənin əvvəlində Xarkov ətrafındakı 17 min əhalisi olan Vovçansk şəhərinə hücum edib:
“Bu yer inzibati cəhətdən Xarkova bağlıdır, lakin Xarkovun özü deyil. NATO-nun Avropadakı Müttəfiq Qüvvələri tərəfindən edilən dəyərləndirmədə Rusiyanın hücumunun strateji bir hücum olmadığı bildirilib. NATO dairələrində Rusiyanın hərbi potensialının gözləntilərdən geri qaldığı qiymətləndirilir. İşdən çıxarılan keçmiş müdafiə naziri Sergey Şoyqu Rusiyanın hücumu davam etdirmək üçün texnika, silah və sursata malik olduğunu iddia etsə də, döyüş meydanında vəziyyət stabil görünür. Kiçik qələbələr Rusiyanın Dnepr çayının şərq tərəfinə hərtərəfli hücum edə biləcəyini göstərmir”.
Onun sözlərinə görə, əslində, Putinin açıqlaması da bu vəziyyəti təsdiqləyir.
“24 fevral 2022-ci ildə Ukraynaya müharibə elan edən Rusiya o vaxtdan bəri müəyyən cəbhələrdə irəliləyiş əldə etsə də, mahiyyətcə status-kvonun qanuniləşdirilməsini istəyir. Onların hücumları da bu məqsədə yönəlib. Yəni Rusiya işğal olunmuş ərazilərə daimi nəzarəti saxlamaq istəyir. Sülh üçün danışıqlar masasına oturanda o, həmçinin işğal olunmuş Zaporojye, Xerson, Donetsk və Luqansk ərazilərindən qismən çıxmağı qəbul edə bilər”, – deyə o bildirib.
Professor onu da diqqətə çatdırıb ki, Rusiya 2014-cü ildə işğal edib ilhaq etdiyi, lakin heç bir ölkə tərəfindən tanınmayan Krımla bağlı həssaslığını isə davam etdirir:
“Yəni Moskva Krımdan geri çəkilmək fikrində deyil. Digər tərəfdən, danışıqların geri çəkilə biləcəyi son məqam Ukrayna daxilində Donetsk və Luqansk vilayətlərinin muxtariyyətinin gücləndirilməsi və onların mərkəzi hökumətlə əlaqəsinin zəiflədilməsi olacaq. Görünür, Rusiya hazırkı işğal zonaları ilə minimum geri çəkilmə arasında orta həll yolu ilə kifayətlənəcək. O cümlədən, sülh və barışıq çağırışlarının məqsədi də budur”.
Analitik əlavə edib ki, Avropa İttifaqının Ukrayna müharibəsi başlayandan bəri tətbiq etdiyi sanksiyaların sayı 12-yə yüksəlib:
“Rusiya sanksiyalardan dərindən təsirlənir. Türkiyə ilə artan ticarət həcmi və Çinlə sıx əlaqələr isə Rusiya xarici ticarətində Qərbin və Avropanın yaratdığı boşluğu doldurmaq üçün heç bir şəkildə kafi deyil. Ona görə də, nəticə etibarilə, bu nöqtəyə gəlirik. Rusiyanın Xarkov ətrafında gərginliyi artırması onun qazanclarını qanuniləşdirmək və NATO-nun Ukraynaya dəstəyinin qarşısını almaq məqsədi bağçası” kimi görən ideoloji müdafiə konsepsiyası ilə də uyğundur. Bundan əlavə, yeni hücumlar cəbhədəki və Rusiya daxilindəki əsgərlərə mənəvi mesaj vermək məqsədi daşıyır”.
Rafi Müslümov