Rusiyanın Ukraynaya təcavüzünün hərb sənətinə “TÖHFƏ”Sİ: “Klassik müharibələrdən fərqli olaraq..” – ŞƏRH
“Açığı, orada müharibənin davam etdiyi təqribən əlli gündə hərb elminə əsaslanan fəaliyyət görünmür”.
Bu fikirləri Rusiyanın Ukraynaya fevralın 24-də başlatdığı hərbi təcavüz nəticəsində alovlanan müharibənin hərb sənətinə hər hansı yenilik gətirib-gətirmədiyini dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.
Polkovnikin sözlərinə görə, təqribən 50 gündür davam edən Rusiya-Ukrayna müharibəsində mühüm hərbi yeniliklərin tətbiqi haqqında danışmağa əsas yoxdur:
“Öncə bir məqamı qeyd edim ki, Azərbaycan Müdafiə Nazirliyi digər regionlarda baş verən istənilən hərbi toqquşmaları izləyir, zəruri informasiyaları toplayır və müvafiq təhlillər aparır. Hər halda, Rusiya ilə Ukrayna arasında gedən hərbi toqquşma da istisna deyil.
Hərb sənətinə hər hansı yeniliklər gətirməsi baxımından nəzər salsaq, Rusiya-Ukrayna müharibəsində hələ ki diqqəti cəlb edən xüsusi bir cəhət müşahidə olunmur. Konkret ifadə etsək, bu hərbi qarşıdurma klassik müharibələrdən tamamilə fərqlənir.
Bildiyiniz kimi, klassik savaşda tərəflərdən biri hədəfin xarakterindən asılı olmayaraq – yəni yaşayış məntəqəsi, dağlıq, yaxud düzənlik ərazi, müxtəlif obyektlər və sair – oranı nəzarətə götürmək məqsədini yerinə yetirməyə çalışır. Burada isə fərqli addımlar atılır, yəni müharibənin davam etdiyi təqribən əlli gündə hərb elminə əsaslanan fəaliyyət görünmür.
Demək çətindir, bəlkə, bu müharibənin gedişində istər taktiki, istərsə də hərbi arsenaldan istifadə planında müəyyən dəyişikliklər olacaq. Bunu gələcək göstərəcək”.
A.Zeynalov