“Rusiya Azərbaycanla Ermənistan arasında sərhəddi müəyyənləşdirmək üçün hakim rolunda çıxış etsə, nəyin baş verəcəyi üzərindən baş sındırmağa dəyməz”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiyanın həyata keçirilməsi üçün tərəflərə Rusiyanın vasitəçiliyini təklif etməsini dəyərləndirən politoloq Elxan Şahinoğlu səsələndirib.
Elxan Şahinoğlu Rusiyanın prosesə müdaxiləsinin Azərbaycanın hüquqlarının pozulacağı ilə nəticələnəciyini qeyd edib:
“Bizim bu təklifə münasibətiniz necə olmalıdır? Bu suala cavab vermədən öncə başqa suala cavab tapmalıyıq: Rusiyanın vasitəçiliyi nə zaman Azərbaycan üçün faydalı olub? Uzaq və yaxın tariximiz bu suala müsbət cavab vermir.
Rusiya hərbçiləri Qarabağda separatçıları tərksilah etmədikləri kimi “İsgəndər-M” raketləri ilə bağlı müəamma da çözülmədi. Rusiya prezidenti Vladimir Putin müharibə günlərində Ermənistana silah və sursat daşıdığını gizlətmədi. İndi bu dövlət Azərbaycanla Ermənistan arasında sərhəddi müəyyənləşdirmək üçün hakim rolunda çıxış etsə, nəyin baş verəcəyi üzərində baş sındırmağa dəyməz.
Haqlarımız qorunmayacaq. Ona görə də rəsmi Bakı “sərhəddin müəyyənləşməsi iki dövlət arasında danışıqlar vasitəsilə aparılmalıdır” yanaşmasında israrını davam etdirməlidir.
Doğrudur, Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bu məsələyə münasibəti belədir ki, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdursa, danışıqlar prosesində Rusiya iştirak etməlidir. Yəni İrəvan artıq Rusiyanın vasitəçi təklifini dəstəkləyib. Ermənistanın dəstəklədiyi təklif isə Azərbaycanın xeyrinə ola bilməz”.