“ABŞ dövləti Lend-liz qanununu qəbul etməklə Ukrayna müharibəsini öz müharibəsi elan etdi”.
Bu fikirləri Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin rəsmi Kiyevə dəstəyini və tərəflərin faktiki vəziyyətini şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.
Yusif Bağırzadə bildirib ki, Rusiyaya tətbiq edilən sanksiyaların nəticəsi yaxın aylarda özünü biruzə verəcək:
“Rusiya dövləti elan etmişdi ki, qazın ödənişləri rus rublu ilə olmalıdır. Avropa Birliyi Rusiyanın bu istəyindən imtina etdi. ABŞ müharibə başlayandan Rusiyaya sanksiyalar tətbiq edir. Rusiyanın xarici borcunu rublla ödəməsinə sanksiya qoymuşdu. Rusiya dövləti xarici borclarını ödəyə bilmir. Bununla bağlı Rusiyada problemlər yaşanacaq. Problemlər bu gündən başlasa da, maliyyə ekspertlərinin dediyinə görə, nəticəsi iyun-iyul aylarına təsadüf edəcək.
Rusiya-Ukrayna müharibəsinin ikinci mərhələsi başlayıb. Rusiya Qara dəniz və Azov dənizi isitiqamətindən dənizə çıxışını bağlamaq istəyir. Rusiya Donbas, Luqansk və Donetskin inzibati ərazilərini zəbt etmək istəyir. Rusiya mayın 9-na qədər bu torpaqları götürmək arzusundadır.
Hazırda münasibətlər daha kəskin xarakter alır. İngiltərənin Baş naziri Boris Conson Kiyevə səfər etdi. O gələndə özü ilə silah-sursat da gətirdi.
ABŞ-də Lend-liz qanunu qəbul olundu. Bu qanun birinci dəfə İkinci Dünya Müharibəsində qəbul olunmuşdu. İkinci dəfə qəbul olunan qanunun mahiyyəti ondan ibarətdir ki, ABŞ Ukraynaya müddətsiz, qeyri-müəyyən həcmdə birbaşa hərbi və maliyyə yardımı edə biləcək. İkinci Dünya Müharibəsində ABŞ 4 il ərzində SSRİ-yə yardım edirdi. Bu yardımın həcmi ovaxtkı pulla 11 milyard dollar idi. İndiki hesabla 7 min ton təmiz qızılın çəkisi ekvivalentində idi”.
Səxavət Məmməd