Rusiyaya güvənən Paşinyan və qərbyönümlü rəqibləri: “Onu terror vasitəsilə aradan götürmək…” – ŞƏRH

“Mövcud şəraitdə Azərbaycanın Ermənistana Paşinyanın dilə gətirdiyi təzyiqləri artırmaqdan başqa yolu yoxdur”.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya son səfəri çərçivəsində Rusiya ilə əldə etdiyi anlaşmalara ölkənin qərbyönümlü siyasi qüvvələrinin reaksiyasını dəyərləndirən Erməni Araşdırma Mərkəzinin rəhbəri, professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın Paşinyanı qoruduğu bir şəraitdə Ermənistandakı qərbyönümlü qüvvələrin nəyəsə nail olacağı gözlənilmir:

“Paşinyanın Moskvaya budəfəki səfəri əvvəlkilərdən fərqlənirdi. Kreml Brüssel səfərindən sonra Ermənistan-Azərbaycan münasibətlərinin onun razılığı olmadan hansısa mərhələyə daxil olmasından narazı idi və görüşün soyuq keçməsinin səbəbi də bu idi.

Gözlənilirdi ki, Putin ölkədə fəallaşan qüvvələrin antiRusiya ovqatına görə Paşinyanı sorğu-suala çəkəcək. Təbii ki, bununla bağlı açıqlanmayan bəzi məqamlar var. İndiki halda Rusiya üçün Paşinyan daha əlverişli fiqurdur. Amma onun Azərbaycanla başlanan sülh prosesini uzatmaq cəhdlərindən də xəbərsiz deyil.

Ermənistan dünyada cərəyan edən proseslərin hansı səmtə gedəcəyini hesablayır, sülhə hazır olduğunu dilə gətirsə də, onun uzanmasına çalışır, bununla vaxt əldə etmək istəyir. Rusiya isə bunun fonunda Qərbi həmin proseslərə fəal müdaxilə etməsindən duyduğu narahatlığı Paşinyan vasitəsilə aradan qaldırmaq niyyətindədir.

Deyə bilərik ki, Moskva görüşü Paşinyanın mövqeyini bir qədər gücləndirməkdədir. Bu şəraitdə Azərbaycanın Ermənistana Paşinyanın dilə gətirdiyi təzyiqləri artırmaqdan başqa yolu yoxdur. Elə etmək lazımdır ki, bu ölkənin manipulyativ hərəkətlərinə yer qalmasın.

Ermənistandakı həm parlament müxalifəti, həm də küçədəkilər Paşinyana qarşı birləşiblər, amma Kreml onu qoruyursa, bu qüvvələrin nəyəsə nail olacağı gözlənilmir. Həm də bu qüvvələrin cəmiyyətə təqdim edəcəkləri yetərli arqumentləri də yoxdur.

Onların reaksiyası mitinqlərdir, lakin bu aksiyalara adam yığa bilmirlər. Paşinyanı terror vasitəsilə aradan götürmək isə mümkün görünmür. 1999-cu ildə məlum parlament qətliamını Rusiya törətmişdi, Paşinyan isə indiki halda Moskvaya sərf eləyən fiqurdur”.

A.Zeynalov