!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiyaya qarşı çıxanların ərazi bütövlüyü pozulur – Gürcüstan, Ukrayna, Moldova...” - Aleksandr Duqin

!Reklam – Yazi

Rusiyalı tanınmış politoloq postsovet ölkələrinin rahat yaşamaları üçün Kremllə “dil tapmalı” olduğunu deyib.

Yeniçağ.Ru-ya müsahibə verən tanınmış politoloq Aleksandr Duqin Azərbaycan-Rusiya münasibətləri, Qarabağ münaqişəsi, Türkiyə-Rusiya əlaqələrinin perspektivi və başqa məsələlərə toxunub.

– Bakıya səfərinizi necə qiymətləndirirsiniz? Mövcud geopolitik şərtlər daxilində Azərbaycan-Rusiya münasibətlərini hansə səviyyədə görürsünüz?

– 2000-ci illərin əvvəllərində Bakıda olmuşam. Bakı bu gün artıq tam başqa bir şəhərdir. Daha da gözəlləşib, çiçəklənib. Mən hazırda oturuşmuş bir dövlətin paytaxtındayam. Politologiyada “oturuşmayan ölkə” anlayışı var – Azərbaycan bu yanaşmanın tam əksidir və artıq özünü tutmuş bir ölkədir. Bu, ilk təəssüratımdır.
Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə isə bu əlaqələr hazırda yüksəlişdədir. Bu, pik göstərici olmasa da, ona doğru aparan fəaliyyət var və buna görə də, münasibətlər ildən-ilə daha da yaxşılaşır. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramında iştirakdan imtinası çox güclü və mühüm jest oldu. Mən onun Rusiya ilə yaxınlaşmağa yönələn fəal cəhdlərini görürəm.

Azərbaycan son vaxtlarda Rusiya, İran, Türkiyə, yaxud da Qərbin əlavəsi olmaqdan çıxaraq, regional liderə çevrilib. Ona görə ki, Bakının bir çox təşəbbüsləri Rusiya ilə Türkiyə, Rusiya ilə İran arasında gerçəkləşdirilən əməkdaşlığı qabaqlayır. Yəni Bakının müstəqil geopolitik oyunçu kimi rolu durmadan artır. Yəqin ki, bu da Bakının ümumi vəziyyətində, xalqın və siyasi elitanın ovqatında özünü göstərir.

Fikrimcə, hazırda Rusiya-Aəzrbaycan münasibətlərinin yeni səviyyəyə qaldırılması üçün əsl məqamdır. Qarabağ münaqişəsinin həlli, heç olmasa, 7 rayondan 5-nin Azərbaycana qaytarılmasında Rusiyanın rolunun artırılması əsas mövzu olacaq. Biz praktik olaraq, buna gedirik və bu yolda qarşıya çıxan maneələr, əməkdaşlığı əngəlləyən baryerlər də sıradan çıxarılacaq.

– Avrasiya İttifaqını nəzərdə tutursuz?

– Bəli, bu, Avrasiya İttifaqı da ola bilər, digər təşəbbüslər də. Mən bir nəzəriyyəçi kimi indiki Avrasiya İttifaqını öz ideyalarımın sıxılmış toplusu olaraq görürəm. Ona görə ki, Avrasiya İttifaqı paraqmatik maraqlar üzərində deyil, sivil birlik və ideya əsasında qurulmalıdır.

O səbəbdən də, mən Avrasiya İttifaqına coşqu ilə yanaşıram, ancaq bu istiqamətdə hərəkət etmək lazımdır. Avrasiyaçılıq hazırda seçilmiş modeldən daha genişdir. Fikrimcə, Azərbaycanla Rusiyanın formatı çoxdur. Əgər hər şey indiki ikitərəfli münasibətlərin inkişafını gücləndirən format üzrə davam etsə, o halda irəlidə bizi daha ciddi yaxınlaşma gözləyir və bu da Azərbaycanın regiondakı geopolitik statusunun artmasına, suverenliyinin güclənməsinə gətirəcək.

Yeri gəlmişkən, belə bir prinsip formalaşdırmışam: hər bir postsovet ölkəsinin ərazi bütövlüyünün təminatı onun Rusiya ilə münasibətləridir. Postvoset məkanındakı bu və digər ölkənin Rusiya ilə münasibətləri yaxşıdırsa, onun ərazi bütövlüyü də toxunulmaz qalır. Əgər münasibətlər pisdirsə, o zaman həmin ölkə və ya ölkələrin ərazi bütövlüyü pozulur. Ona görə yox ki, onların ərazi bütövlüyünü Rusiya pozur. Yox, ona görə ki, o ölkələr Rusiya ilə qarşıdurmaya gedərək, öz ərazi bütövlüyünü qoruya bilmirlər.

O baxımdan, inzibati ərazi bütövlüyü də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü, Rusiyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması ölkənizin suverenliyinin qorunmasınında əsas məqamdır. Gürcüstan, Ukrayna, Moldova kimi Rusiyaya “əlcək atan” ölkələrin ərazi bütövlüyü isə artıq pozulub.

Ən əsası, bu yanaşma tək postsovet ölkələrinə deyil, həm də Türkiyə ilə münasibətlərə aiddir. Biz gördük ki, Türkiyənin ərazi bütövlüyü təhlükə altına düşdü və yalnız Rusiya ilə yaxşı münasibətlər o təhdidi aradan qaldırdı.
Bu mənada Əliyevin müdrikliyi ondadır ki, o, atasının siyasi vəsiyyətindəki əsas fikir olan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Rusiya ilə yaxşı münasibətlərdən birbaşa asılı olduğuna dair vəsiyyətinə əməl edir.
Əgər Azərbaycanın Rusiya ilə münasibətləri yaxşı olarsa, o zaman ölkəniz regional güclərin təsirindən daha azad olacaq. Beləliklə də, Azərbaycan geopolitik toqquşmaların ortasında qalmayacaq. İranın, Türkiyənin, Rusiyanın öz yanaşmaları var. Rusiya ilə münasibətlərin möhkəmlənməsi Azərbaycanın suverenliyinin möhkəmlənməsinin təminatıdır.

Bunu Nazarbayev vaxtında başa düşdü və ona görə də Qazaxıstan hazırda postsovet məkanında parlaq uğurlu ölkə nümunəsidir. İlham Heydər oğlu da həmin yolla gedir.

– Qarabağın Azərbaycanın tərkibində olmasını Bakı ilə Moskva arasındakı yaxşı münasibətlərlə əlaqələndirdiz. Bunu necə görürsüz?

– Rusiyanın mövqeyinə görə, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, çox çətin prosesdir və münqaişənin düzxətli həllinə yönələn istənilən cəhd vəziyyəti bütün mənalarda daha da kəskinləşdirə bilər. Yəni bu məsələni qanla, güclə həll etmək mümkün deyil. 5 rayonun Azərbaycana qaytarılmasına gəldikdə isə, oralar indi səhralığı xatırlatsa da, söhbət vaxtilə o rayonlarda yaşayıb, sonra evlərini tərk etmiş çox sayda insanın qaytarıla biləcəyi böyük ərazilərdən gedir. Bu məsələ yaxın dövrün gündəliyinə daxildir və o beş rayonun qaytarıması “Lavrov planı”nın ən əsas hissəsidir.

Bu planın hazırlanmasında bizim qrupun da əməyi var və mən həmin məsələni Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə şəxsən müzakirə etmişəm. Eyni zamanda, İran və Türkiyə ilə razılaşdırılmış bu məsələ Rusiya, Azərbaycan, Ermənistan diplomatiyasının da gündəliyindədir.

Regional ölkələrdən fərqli olaraq, Qərb bölgədəki bütün sülhyaratma təşəbbüslərini sabotaj etməyə çalışır. Biz bunu başa düşdükdə və onların planına qarşı əks plan hazırlayanda, situasiya sürətlə yetişəcək.

İkinci mərhələyə bir qədər sonra da başlamaq olar – çünki bu, daha detallı müzakirələrin aparılmasını tələb edir.
Başa düşmək lazımdır, Rusiya qəbul etdiyi qədər Qarabağ Azərbaycanındır. Moskva nə qədər ki Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu, belə olacaq. Bu, çox prinsipial məsələdir – nə qədər ki, Rusiya Qarabağı Azərbaycanın tərkibində görür, o ərazilərin kimin nəzarətində olub-olmamasının fərqi yoxdur. Postsovet məkanında ən əsas məsələ Rusiyanın nəyi tanıyıb, qəbul etməsidir.

– Bu gün (dünən – red.) Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq. Bu görüşü necə qiymətləndirirsiz və aparılan müzakirələr ikitərəfli münasibətlərə nə verəcək? Digər tərəfdən, bu, Ərdoğanın referendumdan sonra Rusiyaya ilk səfəridir. Türkiyədə keçirilmiş referendumla bağlı hansı fikirləriniz var?

– Mən Türkiyənin siyasəti ilə çox yaxından maraqlanıram və bu ölkənin rəhbərliyi ilə müxtəlif səviyyələrdə münasibətim yaranıb. Türkiyədə vəziyyətin kəskinləşdiyi həlledici məqamda mühüm rol oynadıq və Suriyada bizim təyyarənin Gülən sektası tərəfindən vurulduğu haqda məlumatı ötürdük. Türkiyənin Rusiyadakı digər dairələrə etimadı yox idi və biz konfliktin bloklanmasına öz töhfəmizi verdik. Mən Türkiyənin daxilində baş verənlərdən məlumatlıyam.

Ərdoğan əvvəldən üç yolla gedə bilərdi: İslamçılıq, liberalizm, Qərblə yaxınlaşma. Eyni zamanda, Avrasiyaçılıq yolu ilə də gedə bilərdi. O, başlanğıcda iki səhv yolla getdi və İslamçılıq yolunda “dalan”a girdi. Yəni o, Suriyada bəzi qruplaşmaların dəstəyinin alaraq, Avrointeqrasiya məsələsində də “dalan”a düşdü. Ən sonda isə bir praqmatik olaraq, Avrasiyaçılıq yolunu tutdu. Mən onun bu dönüşünü alqışlayıram. Türkiyənin Rusiya ilə yaxınlaşması və ikitərəfli hərbi-strateji əməkdaşlığın sürətlə dərinləşməsi də Avrasiya layihəsinin çərçivəsində baş tutub. O, bütün variantları yoxladıqdan və Amerikanın onu devirmək istədiyini gördükdən sonra başa düşdü ki, başqa variantı yoxdur. Bununla belə, amerikalılar gülənçilərin əli ilə onu devirməyə çalışana qədər Ərdoğan əvvəlki yolla sona qədər səmimiyyətlə getdi. O, güclü siyasətçidir və səhvlərdən nəticə çıxarmağı bacarır.

Türkiyədə referendumun keçirilməsi ideyası mənim üçün normal hal idi. Çünki demokratiya Türkiyəni yalnız parçalayır və yaranan vəziyyəti yalnız hərbi rejimin tətbiqi ilə düzəltmək mümkün olurdu. Yəni Türkiyə və demokratiya anlayışı hər zaman uzlaşmır. Ancaq Türkiyə cəmiyyəti Ərdoğanın səlahiyyətlərinin arıtırılmasına müsbət yanaşmadı və 51 faizlik nəticə dərin islahatların aparılması üçün hec də yüksək göstərici deyil. Maraqlısı budur ki, “Xeyr” deyənlərin çoxu Ərdoğanı dəstəkləyənlərdir. O zaman belə vəziyyət alınır: Ərdoğan – Hə, Referendum – Yox. Yəni “Xeyr” deyənlərin heç də hamısı gülənçilər və Qərbçilər deyildi.

Prezidentlərin görüşünə gəldikdə isə tərəflərin Suriyada hərbi əməkdaşlığı üçün açıq perspektiv mövcuddur. Türkiyə hazırda dialoqa daha çox köklənib və Suriya böhranını Vaşinqtonla deyil, Moskva ilə müzakirə etməyə üstünlük verir.
Ərdoğanın Türkiyə daxilindəki vəziyyəti isə mürəkkəbləşəcək – onun artıq geriyə yolu yoxdur. Türkiyənin kürdlərlə ciddi problemi var və o, öz ərazi bütövlüyünü qorumaq istəyirsə, bunun açarı Vaşinqtonda yox, Moskvadadır.

 

Yeniçağ.Az

www.yenicag.az

720
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv