“Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ABŞ və Almaniya şirkətlərinə zərbə vurur” – Alman politoloq

Almaniyalı politoloq Aleksandr Rar Avropadakı siyasi-iqtisadi vəziyyət və Makronun Fransadakı prezident seçkilərində qələbəsi barədə Yeniçağ.Ru-ya danışıb.

Makronun Fransadakı qələbəsi və Almaniyanın bu qələbəyə reaksiyasından bəhs edən politoloq bildirib ki, Makronun qələbəsi Avropanın xilasıdır:

“Çünki hesab olunur ki, Almaniya və Fransanın rəhbərliyi altında Avropa daha da güclü olacaq və birləşmiş ştatlar yaratmaq mərhələsinə qədəm qoyacaq. Almaniya üçün yeganə lider olmamaq həm güc baxımından, həm də siyasi səbəblərə görə vacib idi. Buna görə də güclü, anlaşılan fransalı tərəfdaş lazım idi. Hazırda bir çoxları düşünür ki, bu, alındı”.

Politoloq indiyədək Almaniyanın Fransadakı seçkilərə bu qədər müdaxilə etdiyini xatırlamadığını qeyd edib. Onun sözlərinə görə, Almaniya siyasi rəhbərliyindən hər kəs Makronun lehinə çıxış edib, fransalıları Le Penə səs verməməyə çağırıb.

“Bir tərəfdən Rusiyanı Avropadakı ölkələrin seçki kampaniyasına müdaxilə etməkdə tənqid edirlər, digər tərəfdən isə Avropa özü bunu daha güclü şəkildə edir”.

Fransadakı problemlərdən bəhs edən politoloq qeyd edib ki, buradakı vəziyyət Almaniyadan daha pisdir:

“Burada işsizlik daha yüksək həddədir. Eyni zamanda Fransa terrorizmin başlıca hədəflərindəndir və beynəlxalq terrorizmlə mübarizə burada daha çətindir. Fransa öz iş sektoru üçün lazımi bazar islahatlarını aparmayıb. Ölkədə sənaye və vergi gəlirləri olduqca məhdudlaşıb”.

Aleksandr Rar qeyd edib ki, arxasında partiya olmayan müstəqil siyasətçi üçün bu problemləri həll etmək çətindir. Odur ki, Makronun bütün bunların öhdəsindən necə gələcəyi böyük sual doğurur. Lakin gənc bir şəxsin seçkilərdə qələbə qazanması hər kəsə yeni ideyalar və canlanma baxımından ümid bəxş edir.

Almaniyada bu il keçiriləcək prezident seçkilərindən bəhs edən politoloq Angela Merkelin qalib gəlmək ehtimalını şərh edib:

“Hazırda Almaniyadakı seçkilərdən danışmaq çətindir. Çünki əgər Almaniyada yay aylarında terror aktı baş versə, hər şeyi başqa cür analiz etməli olacağıq. Bu halda sağçıların partiyası üstünlük qazana bilər. Lakin hazırda Merkel uğurla liderlik edir. O, almanlara qaçqınlarla bağlı böhranı dayandırdığını sübut etdi. Ölkədə qanun-qaydalara riayət etməyən qaçqınlarla mübarizə aparılır, sözə baxmayanlar isə vətənlərinə deportasiya olunurlar. 3 ay əvvəl reytinqlərdə önə çıxan Merkelin başlıca rəqibi Şults da artıq geriləməyə başlayıb. Şults Merkelə alternativ kimi heç nə təklif etmir. Odur ki, Almaniyadakı seçkilər çox darıxdırıcı olacaq.

Antirusiya sanksiyalarının əhəmiyyətsizliyindən bəhs edən politoloq bunu Avropanın acizliyi adlandırıb:

“Sanksiyalar heç bir nəticə vermədi. Bu, əlində başqa vasitələri olmayan Avropanın acizliyinin təzahürüdür. Əslində, Rusiyaya qarşı sanksiyalar 2 il əvvələ qədər effektiv idi. Lakin hazırda Rusiya müəyyən sahələrdə iqtisadiyyatını bərpa edib. O İran, Türkiyə və Çini Rusiya bazarına çağırıb”.

Politoloqun sözlərinə görə, hazırda Almaniya Rusiya və Avrasiya İttifaqı üçün nəzərdə tutulmuş sənaye sahələrini bağlamalı olur. Buna görə də sanksiyalar ABŞ və Almaniya istehsalçılarına zərbə vurur.

Aleksandr Rar qeyd edib ki, hazırda bir sıra ölkələr antirusiya sanksiyalarının dayandırılması lehinə çıxış edirlər. Lakin buna etiraz edən və sanksiyaları daha da sərtləşdirməklə Rusiyanı Krımın ilhaqına görə cəzalandırmağın mümkün olduğuna inanan ölkələr var.

Məsələn, Polşa, İngiltərə, İsveç, Baltikyanı ölkələr. Merkelin siyasəti isə liberal dəyərlərə əsaslanıb. O, Çeçenistanda geylərin hüquqlarını müdafiə edib, Rusiyanın Almaniyadakı seçki kampaniyasına müdaxilə etdiyini açıqlayıb. Buna görə də vətənində böyük rəğbətlə qarşılanıb. Odur ki, Merkel antirusiya sanksiyalarını ləğv etmək barədə düşünmür.

İran ətrafındakı vəziyyətdən də danışan politoloq hazırki vəziyyətin 10 il əvvəlkindən çox fərqləndiyini qeyd edib:
“Düşünürəm ki, 10 il əvvəl Rusiya və Çinin İrana qarşı sanksiyalara qoşulduğu vəziyyət indi dəyişib. Hazırda onlar belə addım atmayacaqlar. Çünki Rusiya İran və Suriya ilə sıx ticarət əlaqələrinə malikdir. Üstəlik, özü də sanksiya altındadır. İran da artıq Rusiya tərəfindən dəstəyi olduğunu anlayır. Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyinə rəsmi Tehranı da cəlb etmək istəyir.

Belə ki, Avropanın qapıları Rusiya üçün bağlıdır. Ona görə də, o bu təşkilatların daha da güclənməsində maraqlıdır. ABŞ isə daha güclü Rusiya ilə qarşılaşa bilər”.

Nicat Hacıyev
Yeniçağ.Ru