Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək üçün ən yaxşı qüvvələrini göndərmişdi. Amma bir neçə aylıq ağır itkilərdən sonra onlar cəbhə xəttindən geri çəkiliblər.
Yenicag.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
ABŞ nəşri yazır ki, Şimali Koreya hərbçiləri təxminən iki həftədir cəbhədə görünmürlər.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin sözlərinə görə, ötən üç ay ərzində Şimali Koreya qüvvələrinin sayı iki dəfə azalıb. Koreyalılara qarşı vuruşan ukraynalı hərbçilər onlardan “amansız döyüşçülər” kimi danışırlar. Amma sıralarındakı nizamsızlıq və rus bölmələri ilə koordinasiyanın olmaması qısa vaxtda itkilərin artmasına səbəb olub.
Həmçinin ABŞ rəsmiləri Koreya qoşunlarının cəbhədən çıxarılması qərarının daimi olmaya biləcəyini deyirlər. Onların fikrincə, koreyalılar əlavə təlim keçdikdən və ya ruslar bu cür ağır itkilərə məruz qalmamaq üçün onları yerləşdirməyin yeni yollarını tapdıqdan sonra geri qayıda bilərlər.