“Ruslar İrəvan qalasını ermənilərlə yox, bizimlə müharibə apararaq işğal ediblər” – Şahlar Əsgərov

“Gündəmə gətirilən Qərbi Azərbaycan ideyasının sürətlə vüsət alacağı şübhə doğurmur”.

Bu fikirləri ölkədə Qərbi Azərbaycan ideyasının artıq dövlət səviyyəsində irəli sürülməsinə münasibət bildirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Professor hesab edir ki, cəmiyyətin birmənalı müsbət yanaşdığı Qərbi Azərbaycan ideyası sürətlə vüsət alacaq:

“Dövlət başçısının ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü və orada tarixi ərazilərimizlə bağlı səsləndirdiyi fikirlər hamımızın ürəyindən xəbər verib.

Fəlsəfi baxımdan yanaşsaq, ideya çox güclü silahdır. İdeya uğrunda ölmək-öldürmək var. İdeya yoxdursa, hərəkət, fəaliyyət də yoxdur. Bununla uğrunda ölmək, öldürmək olan ideyanın nəyə qadir olduğunu təsəvvür etmək çətin deyil.

Əminəm ki, cəmiyyətin birmənalı müsbət yanaşdığı Qərbi Azərbaycan ideyası sürətlə vüsət alacaq. Çünki biz Qərbi Azərbaycan dedikdə, öz tarixi torpaqlarımızdan bəhs edirik. Ruslar İrəvan qalasını ermənilərlə yox, bizimlə müharibə apararaq işğal ediblər.

Çox təəssüf ki, tarix boyu, xüsusilə də son iki əsrdə Azərbaycana qarşı davamlı sui-qəsd nəzəriyyələri tətbiq edilib. Rusiya müxtəlif dövlətlərdə yaşayan erməniləri məqsədli şəkildə Azərbaycanda məskunlaşdırıb, onlara bizim torpaqlarda əvvəl vilayət, sonra da dövlət qurub, o topluma hərtərəfli saxtakarlıq hüququ verib.

İndi hər şeyi öz adı ilə çağırmaq, bizə məxsus olub əlimizdən alınanlar barəsində qətiyyətlə danışmaq, bildirmək lazımdır. Bir daha deyirəm, aktuallığı əsla şübhə doğurmayan bu ideya sürətlə vüsət alacaq”.

A.Zeynalov