Rusların Azərbaycan ərazisində oynadığı təhlükəli oyunlar: “Rəsmi Bakı Laçın dəhlizinə nəzarəti ələ almadıqca…”

“Azərbaycan Laçın dəhlizinə nəzarəti ələ almadıqca, Qarabağda silahlandırma davam edəcək”.

Bunu Qarabağ ətrafındakı siyasi gərginliyin sahəyə keçməsi və hərbi qarşıdurma ehtimallarını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, gərginlik bir qədər də artsa, lokal əməliyyatlar qaçınılmaz olacaq:

“Ruben Vardanyanın qondarma rejimə dövlət naziri təyin olunmağı orada vəziyyəti tam kökündən dəyişdi. Bilirik ki, onu ora ruslar göndərib. Gərginliyi də artıran elə ruslardır. Bir tərəfdən Azərbaycanla İran arasında, digər tərəfdən də Rusiya ilə gərginlik var. Bunların üzərinə Fransa faktoru da ortadır. Ruslar sülhün bərqərar olmasını istəmirlər. Artıq Paşinyan da çıxış edərək bildirib ki, rusların dediyi şərtlərin üzərində dayanır. Sülhməramlıların qalmaq müddətinin artırılması və gələcəkdə status məsələsinin qaldırılmasını Paşinyan dilə gətirir. Bu çox təhlükəli oyundur. Müharibədən əvvəl də Paşinyan Şuşa şəhərindən təhlükəli açıqlamalar verirdi. Bu açıqlamalar müharibə ilə nəticələndi. Biz bu müharibədən qələbə ilə çıxdıq.

Qələbədən iki il keçib. Rusiyanın sülhməramlı kontingenti öz missiyasından başqa hər işlə məşğul olub. Ağdərədə, Xankəndində rus icması, rus mərkəzi açırlar. Ruslar Azərbaycan ərazisində təhlükəli oyunlar oynayırlar. Bu oyunlar yaxşı nəticələr verməyə bilər. Hər gün demək olar ki, atəşkəs pozulur. Azərbaycan bundan sonra təkcə susdurmaqla kifayətlənməyəcək, qəti addımlar atacaq.

Deyirik və bilirik ki, erməni ordusunun silahlarının böyük hissəsini məhv etdik. Ancaq görünən odur ki, ruslar erməniləri və öz hərbçilərini silahlandırırlar. Rusiya Ukraynada müharibə aparmasına baxmayaraq, Ermənistana silah yardımı edir. Demək olar ki, Ermənistana hər gün Rusiyadan yük təyyarələri uçuşlar həyata keçirir. Bu təyyarələrlə yəqin ki, yardımlar və silah-sursat daşınır. Ermənistandan da hansısa bu ad altında Qarabağa daşınır. Hesab edirəm ki, Azərbaycan Laçın dəhlizinə nəzarəti ələ almalıdır. Biz oranı nəzarətə almadıqca, Qarabağda silahlandırma davam edəcək.

Biz nə qədər “erməni qeyri-qanuni silahlı dəstələri” desək də, ruslar onlardan nizami ordu yaratmaqdadır. Ruslar bununla həm şəxsi heyət çatışmazlığını aradan qaldırır, həm də Azərbaycanın qarşısında dayanmaq üçün güc yaradırlar. Azərbaycan dövləti buna yol verməməlidir.

Hesab edirəm ki, lokal toqquşma ola bilər. Əgər gərginlik artarsa və danışmaq imkansız hala gələcəksə, genişmiqyaslı əməliyyatlar da mümkündür”.

Səxavət Məmməd