“Ruslara vəziyyətləri izah edilir, onlara qeyri-qanuni hərəkətləri başa salınır. Əgər ruslar bu cür izahatlardan dərs çıxarmayacaqlarsa, o zaman Azərbaycan hərbi yola əl atacaq”.
Bunu Laçın dəhlizindən silah və texnikanın daşınması, Rusiyanın planları, Azərbaycanın atmalı olduğu addımları şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan hərbi yola əl atacaq:
“Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə atışmalar intensivləşib. Artıq Şuşaya da atəş açmağa başlayıblar. Hansı ki orada təmir, bərpa işləri aparılır. Faktiki olaraq ermənilər silahlandırılır. Bu barədə Azərbaycanın bir neçə qurumu rəsmi bəyanat verdi. Bu bir siqnaldır.
Rusiya tərəfi dünən guya Azərbaycan tərəfinin atəşkəsi pozduğunu bildirib. Məsələ ondadır ki, atəşkəsin pozulma istiqamətindəki kəndin adını ermənilər necə adlandırır, elə də qeyd ediblər. Ruslar ermənilərin dili ilə rəsmi adı Çardaqlı olan kəndi “Maqavuz” adlandırıb. Rəsmi Bakı buna da sərt reaksiya verdi.
Laçın dəhlizindən silahların, texnikaların daşınmasının başında dayanan Rusiyadır. Rusiya bilərək gərginliyi artırır. Azərbaycan qısa bir zamanda tədbir görəcək. Hesab edirəm ki, ruslar hansı əraziləri ermənilərin dediyi kimi adlandırırlarsa, Azərbaycan ordusu girib orada oturmalıdır. Hesab edirəm ki, toqquşma olacaq. Bunun adına nə qoyurlarsa, qoyusunlar, Azərbaycan ordusu mütləq şəkildə yaranmış vəziyyətə adekvat cavab verəcək”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısına toxunan hərbi ekspert bunları dilə gətirib:
“KTMT toplantısının yekunu ilə bağlı birgə bəyanata Ermənistan tərəfi imza atmadı. Hiss olunur ki, artıq Putin yox, moderator rolunu Lukaşenko oynayır. Ermənistanın KTMT-dən uzaqlaşmaq ehtimalı bu toplantıdan sonra daha da artıb.
Ruslar sülhün əleyhinədir. Ruslar bir şeyi anlamalıdılar ki, Azərbaycan ordusu güclüdür. Ruslara vəziyyətləri izah edilir, onlara qeyri qanuni hərəkətləri başa salınır. Əgər ruslar bu cür izahatlardan dərs çıxarmayacaqlarsa, o zaman Azərbaycan hərbi yola əl atacaq. Ruslar Ukraynadan sonra Qarabağda da biabır olacaqlar”.
Səxavət Məmməd