Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki. Oxşadığın qonur ağızlı quzular hər an təlaşlandığın o qorxunun rızqı ola bilirdi. Aylı gecədə sərin dağ mehi ilə birgə gələn və böyük bir simfoniyanı xatırladan qurdların ulartısı yaddaşını oyadar, eləcə qorxuya sarılıb dinşiyərsən içindəki səssizliyi…
Atam bir az ağızdan pərtöy adamıydı. Tez coşardı və elə ağzını açan kimi “Tanrın yerə ələnsin” deyərdi. Uşaq yaddaşım bu deyimin çözümündə aciz idi, amma anışdıra bilirdim ki, atam Yerdəki olan çox müşkül işlərdə Göyə səslənir; ordan nəsə umur, ora gileylənir. Anlaya bilirdim ki, nədənsə atamın Göy üzünə bir ərki var idi, ona gah aslanırdı, gah da ordan mədəd umurdu. Bir onu bilirdim ki, hər il iyul ayında atam Tanrıya daha çox düşkün olurdu, ancaq ondan istəyirdi, ona yalvarırdı. Anam gecədən qalxıb şirin çörəklər bişirərdi, erkək qoçların buynuzlarına qırmızı bağlardıq, əlimizə daşlardakı yosunlardan döyəcləyib xına çəkərdik. Bu mərasimin adı “döl tutmaq” adlanırdı və mən artıq anlamışdım ki, biz bir “üçbucaqlı dairə” içərisindəyik; Tanrıdır, bizik və ətrafımızda olanlardı. Bizim var olmağımız üçün bu sistem, bu üçlük tamamlanmalıdır.
***
…Otuz il əvvəliydi və mən də uşaqlığımı tamamlamışdım. Universitetdə yenicə oxuduğum illər idi. Dostum Nazim Muradov məni şair Rüstəm Behrudi ilə tanışdırdı. İlk gördüyüm an adamın qurd üzünə bənzəyən sifətindəki təlaş və səksəkəni sezmişdim. Onun içindəki təlaş məni rahatladırdı, demək ki, bu dünyada bütün təlaşlı adamların hamısından alınacaq bir dəyərli nəyisə var, daima onun səksəkəsini yaşayır. Rüstəm Behrudinin isə təlaşı sonsuz idi, qəribə idi. Onun təlaşı Vətənin “qarşı yatan qarlı dağları”, “sərv boylu çinarları” idi. O ağaclar idi ki, onu öz qanı ilə suvarırdı, ondan özünə dar ağacı qururdu. Onun təlaşı ruhumun dərinliklərini oyadırdı, mənim gördüyüm Göy üzündə o “Tanrını bəndədən aralı görürdü”, onun Göy üzündə Tanrını xatırladacaq heç bir şey qoymamışdılar, Qara Qazılıq atlarının kişnərtisini, dağlarındakı qurdların ulartısını, yanındakı şamanının duasını ağzından almışdılar.
Onun təlaşını anlamışdım; “üçlü dairənin” Tanrısı alınmış, dağı, dərəsi, çayı dənizi, atı, iti, qurdu, nə bilim, nəyi desən alınmış, sadəcə yalquzaq kimi şaman dualarına sığınıb qalmışdı. Onun torpağında, daşında əkiləcək, bitəcək bir şey qoyulmayıb, nə əksən qərib bitir, bu torpaqda kim doğulsa qərib doğulur.
***
…Uşaqlığımın göy üzündə “Süd yol”unu tutub dünyanın sonuna getmək istəyirdim. Göy üzünü iki yerə ayıran o “Ağ yol”un hara getdiyini soruşanda kimsə mənə o yolun Məkkəyə getdiyinə inandırmışdı. Məkkəni anamın dualarından tanıdığımdan elə bilirdim ki, kiçik pıçıltılardakı dualara yerləşən bu yer çox yaxındır, əlimiz hər an çatasıdır, ayağımız istəyəndə durub ora gedəsidir. Amma bu yol da Behrudinin təlaşında haçalanırdı: “…Şuşadan keçməyən yol Məkkəyə necə gedir?”
***
İnsan niyə dua edir, görəsən. Bu ehtiyacı nədən hiss edir? Anamın dualarının Məkkəyə çevrilməsinin səbəbi nə idi? Bəlkə yaşadığımız coğrafi bölgədə tez-tez rastlaşdığımız xaçlı adamların içimizdəki xofu, təlaşı idi.
İnsanlar həm də and içirlər. And içmək sadəcə inandırmaq üçündür?
İnsanlar çox vaxt ehtiyacları olan şeylərə and içərlər; çörəyə, duza, bərəkətə, işığa… Rüstəm Behrudinin andı da üçlü dairədən qırağa çıxmırdı. And içirdi; Tanrıya, Tanrı dağına, Orhun çayına, Yeniseyə, Altaya, Şamana, Ötükənə, Turana, ağaca, daşa… Bəlkə ona görədir ki, onun inandıqlarına inanmağa başladım daha çox. Ehtiyacı olan şeylərə deyil, ehtiyac duyduğu şeylərə and içir şaman.
***
And içmək varsa, tövbəsi də olmalıdır bunun. Uşaq yaddaşımda ən çox iz buraxan “tövbələr”dir. Nə vaxt azad düşünsəm, nə vaxt dərk eləməyə çalışsam, “tövbə et!” basqısı altında qalmışam. Anamın dualarından bilirdim ki, bizi “Ağ yol”un sonunda gözləyən tövbə qapılarıdır. Bütün həyatımızın sonunu qəbul etdirə biləcəyimiz tövbələr üçün yaşayırıq.
Tövbə! Bu söz hələ də məni qorxudur. Behrudinin gəldiyi yolun sonunda tövbə qapısı yoxdur sanki.
“Şair tövbəyə sığmaz” – ruhuna verdiyi bu azadlığı hardan almışdı bəs o?
***
Anlamışdım ki, bu dünyadakı dualar yalnız anaların duası deyildi, bir şaman da dualarında hardasa bir ruhla oyanışdadır. O ruhu görə bilirəm, hiss edə bilirəm. Bəlkə o üzdəndir ki, indi uşaqlığımda sonuna qədər getmək istədiyim “Süd yolu”nun axırına deyil, başlandığı nöqtəyə, ilkinliyinə dönmək istəyirəm. Orda bir Tanrıdır, bir mənəm, bir də Ötükəndə qalan qərib bir qurddur…
Behrudinin içindəki azadlığın məğzi də elə budur, deyəsən…