“Bu addım, adətən, barələrində məhkəmələrin cəza qərarı çıxardığı şəxslər barəsində atılır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında yazıçı-dramaturq Rüstəm İbrahimbəyovun Rusiyanın “Dojd” telekanalına müsahibəsində onun malik olduğu dövlət təltiflərindən məhrum edilməsinə təşəbbüs göstərilməsi haqda fikirlərinə münasibət bildirən Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə deyib.
Xatırladaq ki, İbrahimbəyov “Dojd”a müsahibəsində onun dövlət təltiflərindən məhrum edilməsi haqda sərəncamın hazırlandığını, lakin prezident İlham Əliyevin həmin qərarı “cırıb atdığı”nı bildirib.
Yazıçı-dramaturqun bu iddiası haqda Yenicag.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda dövlət təltiflərindən məhrumetmənin qanunla müəyyən olunmuş prosedurları var:
“Məncə, bu suala hazırda həmin işləri həyata keçirən şəxslər daha dəqiq cavab verə bilərlər. Lakin vaxtilə Prezident Administrasiyasında işləmiş şəxs olaraq deyə bilərəm ki, İbrahimbəyovun bu iddiası həqiqətə uyğun deyil.
Çünki Azərbaycanda dövlət təltiflərindən məhrumetmənin qanunla müəyyən olunmuş prosedurları var. Bu addım, adətən, barələrində məhkəmələrin cəza qərarı çıxardığı şəxslər barəsində atılır.
İbrahimbəyov sonralar mövqeyini dəyişsə də, müəyyən xidmətləri olmuş insandır və barəsində də məhkəmə hökmü yoxdur. Belə olan halda onun dövlət təltiflərindən məhrum edilməsinin gündəmə gəlməsi üçün əsas yoxdur.
Hesab edirəm ki, İbrahimbəyovun belə fikirlər səsləndirməkdə məqsədi diqqəti özünə yönəltməkdir. Bu baxımdan, onun dedikləri inandırıcı görünmür”.
A.Zeynalov