Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.
Yenicag.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 4 üzvü mundialda gücünü sınayıb. Kişi cüdoçulardan 73 kq çəki dərəcəsində Avropa çempionları Hidayət Heydərov ilə Rüstəm Orucov yarışıb. Qadınlardan isə Səkinə Zayirova və İçinxorlo Munxtsedev (hər ikisi 57 kq) tatami üzərinə çıxıb. Sonda onlardan yalnız biri – Rüstəm medal sevinci yaşaya bilib.
Qadınların mübarizəsində hər iki idmançımız ilk cəhdəcə uduzub. Zayirova 1/32 finalda Viktoriya Mayorosovaya (Slovakiya), İçinxorlo Munxtsedev isə Xayone Ekuisoayna (İspaniya) məğlub olaraq, mundailla vidalaşıb.
Kişilərin mübarizəsinə gəlincə, Hidayət 1/32 finalda Ahmed əl-Meziati (Mərakeş) ilə qarşılaşan həmyerlimiz ipponla qalib gəlib. İkinci görüşündə rumıniyalı Aleksandru Rayku ilə güləşən Heydərov bu dəfə də vaxtından əvvəl qələbə qazanıb. O, 1/8 finalda kubalı Maqdiel Estrada ilə qüvvəsini sınayıb və yenə tatamidən qalib ayrılıb. Həmyerlimizin 1/4 finalda rəqibi Denis Yartsev (Rusiya) olub. 20 yaşlı Avropa çempionumuz bu dueli də aktivinə qayıb. O, təcrübəli rəqibinə ipponla qalib gəlib. Heydərov yarımfinalda Soiçi Haşimoto (Yaponiya) ilə qarşılaşıb və ipponla uduzub. Təmsilçimiz bürünc medal uğrunda Odbayar Qanbaatarla mübarizədə də “qızıl xal”la rəqibinə məğlub olub və medalsız qalıb.
Yığmamızın liderlərindən olan Rüstəm də yarışa 1/32 finaldan başlayıb. Olimpiya mükafatçımız bu mərhələdə Akil Qyakova (Kosova) ilə dueldə ipponla qalib gəlib. İkinci görüşündə Pyer Dupranı (Fransa) məğlub edən Orucov üçüncü cəhdində Behruzi Xocazodanı (Tacikistan) əlavə vaxtda üstələyib. O, yarımfinala gedən yolda çinli Saiyinjiriqalanı ipponla yenib. Orucov yarımfinalda koreyalı Çanqrim Anla qarşılaşıb cəmi 31 saniyəyə bu rəqibini də məğlub edib. Rüstəm finalda komanda yoldaşı Hidayət Heydərova qalib gələn Soiçi Haşimoto (Yaponiya) ilə üz-üzə gəlsə də, təəssüf ki, məğlub olub və DÇ-ni gümüş medalla başa vurub.
Qeyd edək ki, millimizin heyətində daha öncə Orxan Səfərov (60 kq) gümüş medal qazanmışdı.