!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rüsumların artırılması bahalaşmanı dayandırmayacaq" - Ekspert

!Reklam – Yazi

“Ölkəyə gətirilən idxal məhsullarına gömrük rüsumlarının artırılması daxili istehsalçıya dəstək olsa da, rəqabətli mühiti də zəiflədəcək. Çünki, Azərbaycanda yaşayan istehlakçı üçün istehsalçının kim olduğu o qədər də vacib deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Dövlət Gömrük Komitəsinin (DGK) bəzi məhsul idxalına tariflərin artırıla biləcəyini istisna etməməsinə münasibət bildirərkən deyib:

“İstehsalçı həmişə keyfiyyətli və daha ucuz məhsul almaqda maraqlıdır. Hansı ki, bu yerli, habelə xarici məhsul da ola bilər. Bu mənada idxal rüsumunun artımı ilə xarici məhsulların bazardan çəkilməsi baş verər ki, bu da hazırda onsuz da zəif olan rəqabət mühitini gələcəkdə xeyli dərəcədə zəiflədər. Yəni yerli istehsalçıların rəqibi olmalıdır ki, onlar da rəqabətli mühitdə fəaliyyət göstərə bilsinlər. Ona görə də rüsumların kəskin şəkildə artımı da doğru deyil”.

Bununla belə, həmsöhbətimizin qənaətincə, xarici məhsula qoyulan idxal rüsumunun artımı daxili istehsalçı üçün öz istehsal potensialını genişləndirməyə stimul yaradacaq: “Əslində, məhsul idxalına tariflərin artırılması hökumətin prioritet elan etdiyi istiqamətlərdəndir. Əsasən də aqrar sahədə potensialın böyük olduğu qeyd olunur. Həm də ətraf ölkələrdə Azərbaycanın kənd təsərrüfatı məhsullarına tələbat kifayət qədər yüksəkdir. Bu mənada ölkəyə gətirilən idxal məhsullarına əlavə rüsumların tətbiq edilməsi daxili istehsalçı üçün stimul yaradır. Bu, istehsalın daha da artırılması, çox çeşidli hala gəlməsi və bazarlara çıxış əldə etməsi üçün münbit şərait yarana bilər.

Amma dediyim kimi, bu addım daxili istehsalçını qorumaq baxımından doğru və məntiqli olsa da, rüsumun artımı bəlli ölçüdə olmalıdır ki, daxili istehsalçıdan əlavə vətəndaşın da marağı təmin edilsin və bazar çoxçeşidli məhsullarla bol olsun”.

N. Cəfərli onu da bildirib ki, idxal məhsullarına rüsum tətbiqi daxildə heç də qiymətlərin enməsi demək deyil: “Çünki rüsumlar artırsa, xərclər artır, bu fonda isə qiymətlər də bahalaşır. Bu məsələdə örnək də var. Azərbaycana xaricdən gətirilən toyuq ətinə qoyulan rüsumu qaldırdılar ki, daxili istehsalın artımı ilə qiymət də aşağı enəcək. Ancaq daxili istehsalçı xarici rəqiblərinin gətirdiyi məhsulara artırılan rüsum fonunda qiymətin bahalaşdığını görən kimi, ardınca öz məhsulunun da qiymətini qaldırır.Yəni sözügedən proses fonunda ölkə daxilində əhəmiyyətli dərəcədə bolluq olmalıdır ki, daxildə də qiymət enmələri baş versin. İstehsalın daha çox və bol olması lazım gələcək ki, idxal məhsuluna gömrük rüsumunun artması fonunda qiymətlər də aşağı düşsün. Amma yaxın gələcəkdə bu istiqamətdə qiymətlərə təsir edəcək addımların olacağını da düşünmürəm. Bununla belə, daxili istehsal artacaq, bazarda daxili istehsalçı daha önəmli rol alacaq. Qiymətlərə isə dərhal təsir etməsi mümkün deyil”.

Qeyd edək ki, DGK-nin Maliyyə, tariflər və valyuta nəzarət Baş İdarəsinin Gömrük tariflərinin nizamlanması Şöbəsinin rəisi Əzizağa Hüseynov mətbuata açıqlamasında məhsul idxalına tariflərin artırılması imkanını istisna etməyib. Onun sözlərinə görə, tariflərin mümkün artırılması ilk növbədə kənd təsərrüfatı, maşınqayırma və digər sənaye sahələrinə şamil olunacaq.

ELÇİN

www.yenicag.az

1652
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv