Rüşvət hesabına alınan avtobus xətti – Kim, necə cavab verməlidir?

Xətai rayonu, Zığ şosesində hərəkət edərkən avtobusu dərəyə aşıran 175 saylı marşrut xətti ilə bağlı bəzi faktlar ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, Movqe.az-ın apardığı araşdırma zamanı bəlli olub ki, soyğunçuluq maddəsi ilə məhkum olunan, sürücülük vəsiqəsi olmadan avtobus idarə edərək qəza törədən Kamran Ağayevə sərnişinlərin həyatını etibar edən marşrutun sahibi Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Babək Aslanovdur.

B.Aslanov 175 saylı xəttin ona məxsus olduğunu təsdiqləyib. Amma qəza baş verən avtobusların onun adına olmadığını bildirib. Aslanov qeyd edib ki, xətdə sərnişindaşımanı başqa şəxslərə həvalə edib: “Avtobuslar mənim deyil. Mən xətti başqa şəxslərə icarəyə vermişəm. Avtobuslar da mənim adıma deyil. Siz Nəriman Süleymanovla əlaqə saxlayın”.

B. Aslanov dövlət qulluqçusu olduğu halda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın mümkünsüzlüyü ilə bağlı suala isə belə cavab verib: “Mən, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın Rayon Şöbəsinin İdarə Heyyətinin sədriyəm. 175 saylı marşrutu da dörd aydır ki, almışam. İndi Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində çalışmıram. Siz mənim verdiyim nömrə ilə əlaqə saxlayın”.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən keçmiş deputat Nazim Bəydəmirli bildirib ki, Azərbaycan Respublikasının qanunlarına əsasən dövlət qulluqçusu bizneslə məşğul ola bilməz. Əks halda onun əmlakları və gəlirləri ilə bağlı bəyannamə verilməlidir:

“Azərbaycan Respublikasının qanunlarına əsasən hər hansı icra hakimiyyəti orqanında çalışan məmur, dövlət qulluqçusu biznes fəaliyyəti ilə məşğul olmamalıdır. Əgər o vəzifəyə təyin olunmamışdan əvvəl bu fəaliyyətlə məşğul olubsa, onun idarəçiliyini başqa bir şəxsə, qohumuna həvalə edə bilər. Bu artıq onun öz şəxsi işidir. Lakin faktiki olaraq, biznes fəaliyyəti ilə məşğul olmaq dövlət qulluqçularına qadağandır. Onun bu pulları haradan əldə edib, marşrut xəttinə sahibkarlıq etməsi məsələsinə toxunsaq, təəssüf hissi ilə deyə bilərəm ki, Azərbaycanda məmur sahibkarlığı çox geniş yayılmış məfhumdur. Bu sahibkarlıq nəinki nəqliyyat, hətta digər sektorlara da siraət edib. Bunların mənbəyi isə alınan rüşvətlərdən, korrupsiya sxemlərində iştirakından və müxtəlif işlərdə vasitəçilikdən alınan vəsaitlər hesabınadır. 2005-ci ildə qəbul olunmuş “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanununa əsasən belə şəxslərin əmlakları və gəlirləri haqqında deklarasiya verilməlidir. Əfsuslar olsun ki, bu qanun Azərbaycanda icra edilmədiyinə görə kiçik vəzifə sahibləri özlərindən böyük vəzifə sahiblərinə baxaraq, örnək götürür. Bununla da sahibkarlığı bərbad vəziyyətə gətirərək, rəqabət mühitini pozur, monopoliya yaradır və dövlət resurslarından istifadə edərək, vergidən yayınmış olurlar”.

Məlumat üçün qeyd edək ki, 175 nömrəli marşrut xəttinin müvəqqəti istismarının “BakuBus” MMC-ə həvalə edilməsi ilə nağdsız ödəniş sisteminin əhatə dairəsi bir qədər də genişləndirilir. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 21 olacaq.

Elvin Paşazadə

COP29