“Əgər bu hərəkətimdə cinayət tərkibi varsa, mənə kəsiləcək cəzanı çəkməyə hazıram”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadənin onun barəsində “həbs edilməlidir” tələbinə münasibət bildirən tanınmış aktyor Rza Rzayev deyib.
Qeyd edək ki, aktyor Rza Rzayevlə 175 saylı məktəbin direktoru Tural Mirzəliyev arasında bir neçə gün əvvəl baş vermiş məlum insident mediada və sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır.
Hadisəyə münasibət bildirənlər arasında istər aktyora, istərsə də məktəb direktoruna haqq qazandıranlar var. Bu müzakirələrdən kənarda qalmayan Ümid Partiyasının sədri İqbal Ağazadə isə mətbuata açıqlamasında Rzayevin həbs olunmasını tələb edib:
“Mən aktyoram, hansısa regiondanam, nə bilim, vaxtilə hardasa işləmişəm deyə, kimisə, özü də müəllimi döyməliyəm? Bunu cinayət kimi qiymətləndirib qətiyyətlə qınayıram.
Hüquq-mühafizə orqanlarından da tələb edirəm ki, Rza Rzayev dərhal həbs edilsin. Kimin gücü kimə çatırsa, gedib onu döyməlidir? Bu çox böyük tərbiyəsizlikdir”.
Partiya sədrinin bu tələbi ilə bağlı Yenicag.az-a danışan Rza Rzayevin sözlərinə görə, onunla 175 saylı məktəbin direktoru Tural Mirzəliyev arasında baş vermiş məlum insident hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bu vəziyyətdə nə İqbal Ağazadənin, nə də digərlərinin canfəşanlığına ehtiyac yoxdur:
“Öncə onu qeyd edim ki, hüquq-mühafizə orqanları həmin hadisəni diqqətlə araşdırırlar və təhqiqatın yekununda kimin haqlı olduğu bilinəcək. Mən məsuliyyətdən çəkinmirəm, əgər qanun haqsız olduğumu üzə çıxaracaqsa, əgər bu hərəkətimdə cinayət tərkibi açkarlanacaqsa, mənə kəsiləcək cəzanı çəkməyə hazıram. Yenə deyirəm, o hadisədə mən özümü və şərəfimi müdafiə etmişəm.
Ancaq mətbuatda və sosial şəbəkələrdə FETÖ-ya bağlı olduğunu hər zaman bildirdiyim Tural Mirzəliyevi müdafiə edənləri görəndə bir daha başa düşdüm ki, Fətullahçılar Azərbaycanda doğrudan da, dərin kök atıblar. Mən onlara qarşı mübarizəni hər zaman aparacam. Azərbaycan FETÖ şəbəkəsindən tamamilə təmizlənməlidir.
İqbal Ağazadənin mənim həbsimi tələb etməsinə gəldikdə isə, dediyim kimi, hüquq-mühafizə orqanlarının təhqiqatı hələ başa çatmayıb. Təhqiqat başa çatmadan kimisə cinayətkar adlandırıb, həbsini tələb etmək İqbal Ağazadənin səviyyəsini göstərir. Ümumiyyətlə, belə görünür ki, İqbal Ağazadə qeyri-rəsmi peşəsini davam etdirir. Nə demək istədiyimi bilənlər bildi”.
A.Zeynalov