Reklam

Reklam

“Ankara ilə Moskva arasında hərbi-siyasi ittifaq Yaxın Şərq regionunda qüvvələr nisbətinə ciddi təsir göstərir”

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Türkiyə-Rusiya yaxınlaşmasını şərh edən Cənub-Qərb Dövlət Universitetinin (CQDU) professoru, hərbi ekspert Vladimir Markoviç deyib.

Professor qeyd edib ki, Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri bir sıra üstünlüklərə malikdir:

“Bu komplekslərin analoji raketlərdən fərqi və üstünlükləri haqda məlumatlar ümumi baxış üçün açıqdır. Deyə bilərəm ki, S-400 “Triumf” zenit-raket komplekslərinin üstün cəhətləri çoxdur.

Əvvəla, S-400-lər yeni nəsil raket kompleksləridir və Rusiyada 2007-ci ildən ordunun arsenalına daxil ediliblər.

Analoji modifikasiyalar, məsələn, “Patriot” raketlərinin istehsalına isə 1963-cü ildən başlanılıb. Ümumiyyətlə, “Patriot” raketləri hətta bir sıra cəhətlərinə görə hətta 1993-cü ildə ordunun istifadəsinə verilmiş S-300-lərdən də geri qalır.

Şimali Koreyaya məxsus raketin bir ay əvvəl Yaponiyanın hava məkanından asanlıqla uçub keçməsi o ərazilərdə yerləşdirilmiş “Patriot”ların effektivliyini ciddi şübhə altına alır.

S-400-lərin “Patriot” və digər Qərb istehsalı olan raketlərdən üstünlüyünü şərtləndirən əsas cəhəti taktiki-texniki xarakteristikasında, həmçinin daha etibarlı olmasındadır. Hazırda dünyada onlarla ölkə öz raket sistemlərinin hazırlanması ilə məşğuldur.

Lakin SSRİ və ondan sonra da Rusiya bu sahədə hər zaman öndə olub, o fərq indi də qalmaqdadır.

S-400 “Triumf” raketləri 17 min km/saat sürətlə uçan hədəfləri 600 kilometrdən zərərsizləşdirə bilir – bu, “Patriot”un uyğun göstəricisindən 2,5 və 3,3 dəfə çoxdur. Bundan əlavə, “Triumf” eyni vaxtda 160 hədəfə yönəldiyi halda, “Patriot”da bu göstərici 1,5 dəfə aşağıdır. “Triumf” eyni vaxtda 80 raket buraxırsa, “Patriot” bundan 13 dəfə az raket buraxır. “Triumf” cəmi 5 dəqiqəyə manevr etdiyi halda, “Patriot”un yerdəyişməsinə 25 dəqiqə vaxt gedir”.

Markoviç əlavə edib ki, Türkiyə S-400 zenit-raket komplekslərini almaqla, hava məkanını qorumaq məsələsində ciddi üstünlük qazanacaq:

“Üstünlüklər aydındır. Burada etibarlılıqdan tutmuş, qiymətinə qədər bir çox detalları qeyd etmək mümkündür. ABŞ-ın analoji raket kompleksləri 1 milyard dollara olduğu halda, S-400 kompleksi 80 milyon dollaradır. Rusiyanın standart raket kompleksində 24 raket olduğu halda, Amerika variantında cəmi 16 raket var.

Yəni hətta qiymət baxımından “Triumf” “Patriot”dan 12,5 dəfə daha sərfəlidir. Bu məqamlar əksər ölkələr, o cümlədən də Türkiyə ordusu üçün çox münasibdir”.

Professor Türkiyənin mövcud hərbi-sənaye kompleksini də dəyərləndirib:

“Ölkələrin hansı siyasi-hərbi bloklarda təmsilçiliyindən asılı olmayaraq, onların arasında əməkdaşlıq imkanları qalır. Burada əsas məsələ xoş məramlı olmaqdır.

Türkiyə NATO-nun ən “yaşlı” və ciddi üzvlərindən biri olaraq, sözsüz ki, silah-sursat istehsalında böyük təcrübəyə malikdir. Türkiyənin bu potensialı son 25 ildə xeyli artıb.

Ancaq Türkiyənin öz qarşısına qoyduğu vəzifələr – 2030-cu ilə qədər arsenalı ancaq milli silahlarla təchiz etmək və 2025-ci ilə qədər silah ixracını 25 milyard dollara çatdırmaqdır ki, bunun üçün də daha çox işlər görülməlidir”.

Markoviçin fikrincə, Rusiya ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi Yaxın Şərqdə və dünyada gedən proseslərə də təsir göstərir:

“Türkiyə ilə Rusiya on illiklər ərzində müxtəlif səbəblərdən, o cümlədən, üçüncü ölkələrin səyləri sayəsində “barrikada”nın əks tərəflərində qərarlaşıblar. Yəni üçüncü ölkələr istər Osmanlı İmperiyası, istərsə də Rusiya İmperiyasının güclənməsində maraqlı olmayıblar. Ancaq bütün pis dövrlərin bir sonu olur.

Açıq deyə bilərik ki, Ankara ilə Moskva arasında hərbi-siyasi ittifaq Yaxın Şərq regionunda qüvvələr nisbətinə ciddi təsir göstərir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 729
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."