S-400 “sürət”i: Regionda kövrək geosiyasi balans pozulacaq?

ABŞ Türkiyəyə silah ixracını Ankaranın Rusiyadan S-400 raket kompleksləri alıb-almaması ilə əlaqələndirməyə çalışır.

ABŞ-ın 2019-cu maliyyə ilində müdafiə büdcəsi layihəsində Vaşinqtonun Türkiyəyə əsas silah növləri verməsi Pentaqon rəhbərinin Ankaranın Rusiyadan S-400 raket kompleksləri almaq niyyətinin önə çəkildiyi məruzəsindən asılı olacaq.

Qeyd edək ki, sözügedən büdcə layihəsi Konqresin aşağı palatasının saytında yerləşdirilib. Layihədə Türkiyəyə silah verilməsi məsələsi bu şəkildə qoyulub:

“B” yarımbəndinə əsasən, müdafiə naziri Konqresi məlumatlandırmadan və müvafiq sənədləri təqdim etmədən Türkiyəyə əsas müdafiə silahlarının göndərilməsi yönündə addım ata bilməz”.
Göstərilən yarımbəndin tələbinə əsasən, müdafiə naziri xarici işlər naziri ilə məsləhətləşdikdən sonra büdcənin qəbulundan sonra geci 60 gün sonra ABŞ-Türkiyə münasibətlərinə dair hesabatı təqdim etməlidir.

Müdafiə nazirinin təqdim edəcəyi hesabatda Türkiyənin Rusiyadan S-400 raket kompleksləri almaq niyyətinin qiymətləndirilməsi və bu addımın ABŞ-Türkiyə münasibətlərinə, o cümlədən iki ölkənin hərbi sahədə əməkdaşlıq platformalarına mümkün təsirinin açıqlanması tələb olunur.

Daha sonra müdafiə naziri Türkiyənin S-400 raketlərinə alternativ variantlar təklif etməli, analoji raket komplekslərinin NATO-nun digər ölkələrindən alınması imkanlarını dəyərləndirməlidir.

Bildirilir ki, bu, büdcə layihəsinin ilkin variantıdır. Sənəd əvvəlcə aşağı palatanın Silahlı Qüvvələr Komitəsində baxıldıqdan sonra palatanın dəstəyini qazanmalı, bundan sonra isə Senat tərəfindən dəstəklənməlidir. Bununla belə, Senatın özü də ayrı büdcə layihəsi hazırlaya bilər.

Buradan belə nəticəyə gəlmək olar ki, ABŞ Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığına, konkret desək, S-400 raket kompleksləri almasına təsəvvür edildiyindən daha ciddi, yüksək həssaslıq və hətta qısqanclıqla yanaşır. Senatın Türkiyəyə müasir hərbi sursatlar verilməsini bu qədər çətinləşdirilməsi onu göstərir ki, Vaşinqton Türkiyənin timsalında özünün köhnə, sınanmış və güvənli müttəfiqindən asanlıqla imtina etməyi düşünmür.

Türkiyə isə öz növbəsində prezident Rəcəb Tayyib Ərdoğanın dilindən bəyan etdi ki, Ankara bütün dövlətlərlə imzaladığı müqavilələrə, həmçinin Rusiyadan S-400 raket kompleksləri almaq haqqında anlaşmaya sadiqdir.

Bundan sonra Türkiyənin göstərdiyi inad və prinsipiallığın Ankara ilə Vaşinqton arasında siyasi böhran yaradacağı gözlənilir. Məlumata görə, Rusiya artıq Türkiyə üçün S-400 raket komplekslərinin istehsalına başlayıb və ilin sonuna qədər “məhsul” Ankaraya təhvil veriləcək.

Ankara ilə Moskva S-400-lərdən başqa nüvə texnologiyası sahəsində də əməkdaşlığı genişləndirməkdədirlər. Vladimir Putinin aprelin 3-4-də Türkiyəyə səfəri zamanı “Rosatom” şirkətinin inşa edəcəyi Akkuyu Atom-Elektrik Stansiyasının təməl qoyma mərasimi keçirilib.

Türkiyənin Rusiya ilə münasibətləri inkişaf etdirməsi Qərbi narahat edir. ABŞ var gücü ilə Türkiyənin geosiyasi vektorunu dəyişməyə çalışır və bunun üçün bütün mümkün vasitələri işə salır. Avropa isə özünə qarşı ciddi rəqib kimi gördüyü Türkiyə-Rusiya ittifaqından təşvişə düşərək, ABŞ-ın sanksiyalarına məhəl qoymadan Moskva ilə münasibətləri normallaşdırmağa cəhd edir.

Geosiyasi situasiyanı təhlil edən Avropa siyasətçiləri belə nəticəyə gəliblər ki, onlar Türkiyə ilə Rusiyaya qarşı təzyiqləri artırdıqca, bu ölkələr qarşılıqlı münasibətlərini daha da möhkəmləndirirlər. Yəni Qərb Rusiyaya yönəlik sanksiyaları sərtləşdirdikcə, Moskva Avropa ölkələrini geoiqtisadi rəqibləri olan Asiya ölkələri ilə daha asan dil tapır.

O baxımdan, Avropanın bu “özfəaliyyət”i nəticəsində onsuz da bir sıra qlobal məsələlərdə mövqeləri haçalanan ABŞ-Avropa münasibətlərinin ciddi surətdə kəskinləşəcəyi ehtimal olunur. Eyni zamanda, bu ilin sonlarında – Rusiya S-400 raket komplekslərini Türkiyəyə təhvil verdikdən sonra ABŞ-Türkiyə münasibətlərinin inkişaf istiqaməti də dəqiqləşəcək.

Yenicag Analitik Qrup

COP29