“Poroşenko Kuçma ilə Yanukoviçin aqibətindən ibrət götürür”.
Qazaxıstanlı hüquq müdafiəçisi, hazırda Ukraynada yaşayan dissident və politoloq Aydos Sadıkov Yenicag.ru-ya müsahibəsində bu ölkədə cərəyan edən yeni siyasi prosesləri dəyərləndirib.
– Ukraynada yaşayan son siyasi təlatümləri qısa olaraq necə qiymətləndirirsiz? Saakaşvilini yenidən həbs edə bilərlər?
– Mixail Saakaşvilini ilk dəfə həbs etməyə cəhd göstərəndə, tərəfdarları onu xüsusi təyinatlıların əlindən ala bildilər. Bundan sonra – dekabrın 6-da səhər saatlarında Saakaşvilini həbs etmək üçün onun yerləşdiyi düşərgəyə daxil olmağa çalışıblar.
Son bir ayda Gürcüstanın sabiq prezidentinin çevrəsindəki gürcülərin demək olar ki hamısı əvvəl həbs, daha sonra isə deportasiya ediliblər. Eyni zamanda, Saakaşvilini sərhəddə qarşılayan Yuliya Timoşenko, Nayem, Sadovoy kimi siyasətçilər və onların tərəfdarları hazırda “Yeni qüvvələr hərəkatı”nın təşkil etdiyi etiraz aksiyalarına qatılmırlar.
O baxımdan, əgər Saakaşvilini həbs, yaxud da ekstradisiya etsələr, o halda Ukrayna müxalifətini toparlayacaq başqa bir fiqur yoxdur. Ola bilər, digər liderlər Ali Rada yaxınlığındakı etiraz aksiyalarını kollektiv şəkildə idarə etsinlər, ancaq onların Mixail Saakaşvilinin yaratdığı “siyasi hərarət”i uzun müddət indiki səviyyədə saxlayacaqları inandırıcı deyil.
Bütün bunları nəzərə aldıqda, Ukrayna hakimiyyətinin etiraz hərəkatını başsız, pərakəndə qüvvəyə çevirmək, onun mühərrikini və beynini söndürməsi, Saakaşvilini aradan götürməsi lazımdır. Ona görə də belə düşünürəm ki, Saakaşvilini həbs etmək və ya onu neytrallaşdırmaq cəhdləri davamlı olacaq.
– Bu proseslərin yeni Maydanla nəticələnəcəyi deyilir. Saakaşvilinin Ukraynadakı elektoratı nə dərəcədə güclüdür?
– Klassik Maydan coğrafi baxımdan Kiyevin tam mərkəzində – Müstəqillik Meydanında yerləşir. Birinci və İkinci Maydan hərəkatında iştirakçıların sayı daha çox idi. Ancaq aksiyalarda radikallığın artması Ukrayna hakimiyyətinin təxribatlarından sonra müşahidə edilməyə başlandı.
Ancaq Ali Rada yaxınlığında çadır şəhərciyinin qurulmasından ayyarım sonra orada xüsusi radikallıq olduğunu görmürük. Hətta ötən bazar günü 10 minlərlə adamın qatıldığı yürüş zamanı hökumət binalarına hücum da etmək mümkün idi. Ancaq heç bir insident baş vermədi və mitinqdən sonra iştirakçılar sakitliklə dağılışdılar.
Saakaşvili və onun tərəfdarları hansısa səbəblərdən radikal addımlara meyil etmirlər. Yəqin onların başqa planları var və Maydana toplaşaraq, Prezident Administrasiyasını hücumla ələ keçirtməyi düşünmürlər. Ola bilər, fikirləşirlər ki, hələ bunun vaxtı deyil və mövcud gücü artırmaq lazımdır. Yəni hələ ki, sözün tam mənasında Maydan formalaşmayıb. Ancaq Saakaşvilinin başladığı hərəkatın timsalında görürük ki, Maydanın yetişməsi üçün zəruri siyasi və iqtisadi şərtlər mövcuddur. Kiyevdə və Ukraynanın regionlarında Saakaşvilini dəstəkləyən geniş kontingent yaranıb. Saakaşvilinin real gücünü isə Ali Radaya seçkilərin nəticələri göstərə bilər.
– Sizə elə gəlmir ki, prezident Poroşenko baş verənlərin fonunda çarəsiz görünür?
– Poroşenkonun çarəsiz vəziyyətdə olduğunu düşünmürəm. Əksinə, hesab edirəm ki, o, analoji situasiyada Yanukoviçdən daha güclüdür. Unutmayın ki, Poroşenko üçün artıq iki Maydan təcrübəsi, Yanukoviçlə Kuçmanın aqibəti nümunəsi var və belə vəziyyətdə nəyi edib-etməməyi yaxşı bilir. Ukrayna güc strukturlarının müəyyən qədər yumşaq fəaliyyəti də bununla əlaqələndirilə bilər. Bu fikirdəyəm ki, məhz Poroşenkonun manevrləri sayəsində Timoşenko, Sadovoy və digər nüfuzlu siyasətçilər bu gün Saakaşvilinin yanında deyil.
Əgər hazırda Saakaşvili qüvvələrini artıraraq, qəti addımlara keçmirsə, deməli, vaxt Poroşenkonun xeyrinə işləyir.
Qafqaz Ömərov