Saakaşvili həbsxanadan məktub yazdı: “Qorxmayın!”

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili hazırda saxlanıldığı 12 nömrəli Rustavi həbsxanasından məktub yazıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.

Məlumata görə, Saakaşvili məktubunda tərəfdaşlarını heç nədən qorxmamağa və sona qədər getməyə çağırıb:

“Əziz yoldaşlar və çox sevdiyim gürcü cəmiyyəti, hər şeyi Kiyevdə qoyub bura gəldikdə bilirdim ki, böyük ehtimala görə, məni tamamilə uydurma, saxta hökmlərlə saxlayacaqlar. Buna baxmayaraq, mən gəldim, çünki öz ölkəmə və hər birinizə inanıram”.

Saakaşvili tərəfdaşlarını seçkilərdə iştirak etməyə səsləyib:

“Sizdən çox xahiş edirəm ki, bir səs belə itməsin deyə hamı seçkilərə getsin və bundan sonra hamı birlikdə referendumun nəticələrini müdafiə etsin. Mənim və min qat daha vacib olan Gürcüstanın azadlığı tamamilə sizin aktivliyinizdən və yaxın günlərdəki döyüş hazırlığınızdan asılıdır. Beynəlxalq dəstək də həmçinin bundan asılıdır. Xahiş edirəm, qorxmayın və qələbəmizin öz əlimizdə olduğuna sona qədər inanın”, – deyə Saakaşvili qeyd edib.