!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşvilini nə gözləyir? - Erməni nazirdən gürcü siyasətçiyə təhdid  

!Reklam – Yazi

Ötən gün qalmaqallı şəkildə Polşadan Ukraynaya keçən Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin aqibəti ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.

Yenicag.az xəbər verir ki, hazırda Lvovda olan və bu gün tərəfdarları ilə birlikdə Kiyevə getməyi planlaşdıran Saakaşvili ona qarşı irəli sürülən “sərhəddi qanunsuz keçmək” ittihamını rədd edir.

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin vədinə əməl edərək, qalmaqallı şəkildə olsa da, Ukrayna ərazisinə keçməsi gürcü siyasətçini yenidən diqqət mərkəzinə gətirib.

Saakaşvili bu cəsarətli hərəkəti ilə iyulun 27-də Ukrayna prezidenti Petro Poroşenkonun sərəncamı əsasında vətəndaşlıqdan məhrum edildikdən sonra mütləq ölkəyə qayıdacağına dair dediyi sözün sahibi olduğunu təsdiqlədi.
Onu qarşılamaq üçün sərhədə toplaşan tərəfdarlarının sayı və kütlənin fədakarlığı Ukraynada Saakaşvili faktorunun aradan qalxmadığını, Poroşenko iqtidarının ondan çəkinməkdə haqlı olduğunu göstərdi.

Gürcü siyasətçinin “sərhədi pozmaq” ittihamına yönələn cavabı da bu əminlikdən qaynaqlanır:

“Mən sərhədi pozmamışam, insanlar məni əlləri üstündə sərhəddən keçirtdilər. Bunu Ukrayna xalqı etdi”.

Saakaşvilini Lvov meri Andrey Sadovının qarşılaması, onu şəhərdə müşayiət etməsi və ən əsası, xalqın keçmiş qubernatora olan rəğbəti Ukrayna hakimiyyətinin narahatlığını daha da artırır.

Bundan başqa, Ukraynadakı “narıncı inqilab”ın əsas simalarından biri olan sabiq baş nazir Yuliya Timoşenkonun da Saakaşvilinin yanında olması ciddi məqam kimi dəyərləndirilir.

O baxımdan, Saakaşvilinin Kiyevə gəlişinin (əgər buna imkan verilsə) hansı nəticələrə səbəb olacağını proqnozlaşdırmaq çox çətindir.

Digər tərəfdən, Ukrayna hakimiyyətinin Saakaşviliyə qarşı atdığı addımlar da Qərbdə birmənalı qarşılanmayıb. Məsələn, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer “Amerikanın səsi”nə açıqlamasında Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsini “Ukraynanın olmayan imicinə yaradılan problem” adlandırıb:

“Saakaşvili ilə bağlı məsələnin ağılla həll olunduğunu düşünmürəm. Boş yerə problem yaradırlar”.

Bu arada Saakaşvili mövzusunda diqqət mərkəzinə düşən fiqurlardan biri də Ukraynanın daxili işlər naziri, Bakı ermənisi Arsen Avakov olub. O, özünün “Facebook” səhifəsində paylaşdığı statusda Saakaşvilini və onunla birlikdə sərhədi pozanları təcili qaydada polis məntəqələrinə gedərək, ifadə vermələrini tələb edib. Avakov ümid etdiyini bildirib ki, prokurorluq və məhkəmə orqanları bu məsələdə onu dəstəkləyəcəklər.

Hələliksə, bütün diqqət Saakaşviliyə yönəlib… Hər kəs onun Kiyevə getmək vədini necə yerinə yetirəcəyini gözləyir…

A. Zeynalov

www.yenicag.az

2134
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv