“Saakaşvilinin Gürcüstandakı proseslərə təsir imkanları kifayət qədərdir” – Gela Vasadze

“Müxalifət bu gün özünün Konstitusiyada təsbit edilmiş siyasi etiraz hüququndan yararlanır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimindən sonra qonuş ölkədə gözlənilən prosesləri dəyərləndirən politoloq, Qafqaz Strateji Tədqiqatlar İnstitutunun siyasi müşaviri Gela Vasadze deyib.

– Gürcüstanın birləşmiş müxalifətinin təmsilçiləri Tiflisdə çadırlar quraraq, hakimiyyətin dinc yolla dəyişdirilməsi uğrunda mübarizənin başladığını bəyan ediblər. Bundan sonra proseslər hansı yöndə inkişaf edəcək? Hazırda Mixail Saakaşvili hadisələrə necə təsir göstərir?

– Proseslərin necə inkişaf edəcəyini indidən heç kəs bilmir. Müxalifət bu gün özünün Konstitusiyada təsbit edilmiş siyasi etiraz hüququndan yararlanır. Bu isə mövqeləri onsuz da möhkəm olmayan hakimiyyəti “silkələyir”. Saakaşvilinin Gürcüstanda gedən proseslərə təsiri kifayət qədərdir, çünki indi baş qaldıran etirazların əsas təşkilatçısı onun lideri olduğu siyasi qüvvədir.

– Zurabişvilinin andiçmə mərasimində çıxış edən İsrail xarici işlər nazirinin müavini Tsipi Xotoveli Gürcüstan hakimiyyətinə paytaxtı Tiflisdən Qüdsə köçürməyi təklif edib. Gürcüstan belə bir addım ata bilər?

– Belə bir çağırış nazir müavini yox, bizim deputatlardan biri tərəfindən səsləndirilmişdi. Hakimiyyətin reaksiyası belə olmuşdu ki, bu, çox həssas məsələdir və Gürcüstan Böyük Yaxın Şərqin bir hissəsi kimi bütün ölkələrlə xoş münasibətlərin tərəfdarıdır. Ona görə də, o təklifin həyata keçəcəyi düşünülmür.

– Müxalifətçi ekspertlər Zurabişvilini “Şər imperiyası”nın “dikdabanlı agenti” adlandırsalar da, onun Qərbdə normal reputasiyası var. O baxımdan, İvanişvilini Qərblə Rusiyanın ortaq namizədi adlandırmaq olar?

– Müxalifətyönlü ekspertlər Zurabişvilini o cür adlandırmaq üçün müxalifətdədirlər. İvanişviliyə gəldikdə, o, Qərbdən daha çox asılıdır, nəinki Rusiyadan. Sadəcə, bu gün Kremlin Gürcüstanın siyasətinə təsir üçün vasitəsi qalmayıb.

Qafqaz Ömərov

COP29