“O, seçkilərdə məğlub olub hakimiyyətdən getdikdən sonra da populyarlığını itirmədi”.
Bu fikirləri Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixeil Saakaşvilinin siyasətdən getməklə bağlı qərarını dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) Prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Saakaşvilinin siyasətdən gedişinə dair mesajını əsas üç amillə əlaqələndirmək mümkündür:
“Öncə onu qeyd edim ki, Saakaşvili tək Cənubi Qafqazda deyil, ümumiyyətlə postsovet məkanında yeni siyasətçi modelinin ən populyar nümayəndələrindən biridir. Bilirsiniz, keçmiş sovet respublikaları müstəqillik əldə etdikdən sonra onların əksəriyyətində hakimiyyətə məhz sovet nomenklaturasının təmsilçiləri sahiblənmişdilər.
Saakaşvili isə xalqın dəstəyi ilə Gürcüstanda köhnə komandanın iqtidardan uzaqlaşdırılmasından sonra seçki yolu ilə hakimiyyətə gəldi. Onun adı ən çox Gürcüstan kimi kriminallaşmış ölkədə rüşvət və korrupsiyanın kökünü kəsməklə bağlıdır. Bu, indiyə qədər onun ən böyük uğuru olaraq dəyərləndirilir.
Eyni zamanda, Saakaşviliyə hər zaman ABŞ-nin, xüsusilə də Soros Fondunun “adam”ı kimi baxılıb. Bu yanaşmanın bəlkə də müəyyən əsası var. Çünki o vaxtlar mediada da Gürcüstanda nazirlərin maaşının məhz həmin fond tərəfindən verildiyi yazılırdı və burada əsas məqsədin yüksək məmurları korrupsiyadan çəkindirmək olduğu deyilirdi.
Saakaşvili seçkilərdə məğlub olub hakimiyyətdən getdikdən sonra da populyarlığını itirmədi. Ukraynaya dəvət olunaraq, bir sıra yüksək vəzifələrə təyin edildi, orada da antikorrupsiya tədbirlərini həyata keçirdi.
İndi həbsdə olan Saakaşvilinin siyasətdən gedişinə dair mesajını əsas üç amillə əlaqələndirmək mümkündür. Birincisi budur ki, o, həqiqətən siyasətdən getmək və meydandan çəkilmək istəyir.
İkinci amil Saakaşvilinin yenidən gündəmə düşmək üçün özünü bu formada xatırlatmaq istəyi ilə bağlı ola bilər. Hər halda, həbsdə olan siyasətçinin gündəmdə qalması imkan xaricindədir.
Üçüncü amil kimi isə Saakaşvilinin bu qərarını hər hansı şərtlər əsasında hakimiyyətlə anlaşmasının nəticəsi olaraq dəyərləndirmək mümkündür.
Əlbəttə, burada dördüncü və ya beşinci ehtimalı da irəli sürmək olar. Amma Saakaşvilinin bu qərarının dəqiq səbəbi yəqin ki, zamanla bəlli olacaq”.
A.Zeynalov