Sabah 14 marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək

Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, 14 marşrut xəttinin (1,2,4,5,8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Qeyd edək ki, sabah Xocalı soyqırımının 27-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçə və prospektlərdə də nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Belə ki, Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.