Sabah Soçidə MDB və Avrasiya İqtisadi İttifaqının sammitləri keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Sammitlər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşünün keçirilməsi gözlənilir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetin iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin heç bir şərt qəbul olunmadan bərpa edildiyini qeyd edib.
Oktyabrın 7-də ATƏT Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə hər iki prezidentin danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb. Lakin görüşün nə zaman və hansı formatda keçiriləcəyi qeyd olunmayıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə 2016-cı ilin iyun ayında görüşüblər. Bu, Rusiya prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüş olub.