Sabah evə buraxılacaqdı, bu gün yanğında öldü – Dəhşətli yanğının qurbanları – Foto+Video (YENİLƏNİR)
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı korpusda olan 34 nəfər təxliyyə edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. 24 nəfərin külə dönmüş cəsədi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Bürosuna gətirilib.
Yenicag.az-ın Patoloji Anatomiya Bürosu önündə olan əməkdaşı ölənlərdən bir neçəsinin adını öyrənib. Onlar Nizami Sərhad oğlu Cavadov (38 yaş), İlham Xasməmmədov (60 yaş), Nurlan İsadur oğlu Quliyev (28 yaş), Qulam Qorxmaz oğlu Eyvazov (52 yaş), Akif Arif oğlu İmanovdur (29 yaş).
Eldəniz Cavadovun sözlərinə görə, qardaşı – 38 yaşlı Nizami Cavadov Narkoloji Mərkəzdə alkoqolizmdən müalicə olunurmuş.
“Səhər yanğın eşitdiyini öyrəndim. Tez həkiminə zəng etdim. Dedi, xəbərim yoxdur. Sonra da öyrəndim ki, sağ qalanlar arasında deyil. Biz də bura – morqa gəldik. Bədbəxt qardaşım cavan idi. İki uşağı yetim qaldı”, – deyə Eldəniz bildirib.
Nurlan Quliyevin doğmalarının dediyinə görə, o, 15 gün imiş ki, müalicə olunurmuş. Sabah evə buraxılacaqdı.
Mehman Telman oğlu Kərimov (48 yaş), Kərim Əlövsət oğlu Sərkərov (29 yaş) və Ülfət Əli oğlu İsayevin (35-36 yaş) yaxınları isə hələ də onlardan xəbər ala bilmədiklərini deyiblər.
Emin Səfərov