Bakı Ağır Cinayətlər Məhkəməsində İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Yenicag.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən İmişli rayonunda bələdiyyə sədri işləmiş Qəhrəman Qəhrəmanov bu vəzifəyə təyin olunmaq üçün Vilyam Hacıyevə 10 min manat rüşvət verdiyini deyib. “3 kənd üzrə bir bələdiyyə sədri təyin olunurdu. Kredit götürüb haqqımı verib sədr seçildim. 2014-2019-cu illərdə bələdiyyə sədri olmuşam. Bundan başqa SSRİ dövründə Əfqanıstanda döyüşdüyümə görə Moskvadan mənə medal göndərmişdilər. Vilyam Hacıyev dedi ki, ümumi iclasda medalı sənə təqdim etmək üçün 1000 manat verməlisən. Sonra 500 manata razılaşdıq. Medalı sinəmə taxdı, təqdimat elədi. Bələdiyyə sədri seçki ilə seçilməli idi, amma mən qanunsuz seçilmişəm, Vilyam Hacıyevə haqq vermişəm”,-deyə şahid bildirib.
Şahidin ifadəsinə etiraz edən Vilyam Hacıyev deyib ki, o bələdiyyə sədrinin qanunsuz əməllərindən Ədliyyə Nazirliyinə şikayət edib: “Bu adam yalan danışır. O qanunsuz işlədiyinə görə şikayət etmişəm. Araşdırma aparılıb və ona İmişli rayon məhkəməsinin qərarı ilə həbs cəzası verilib”.
Məlum olub ki, Q.Qəhrəmanov barəsində həqiqətən də məhkəmə qərarı olub və o 15 sutka həbslə yanaşı, 2 min manat cərimə edilib.
Vilyam Hacıyevin vəkili bələdiyyə sədrinə sual verib ki, “əgər siz Vilyam Hacıyevə pul vermişdinizsə, niyə sizi şikayət edirdi”. Şahid cavabında bunun rayon ərazisindəki göllə bağlı olduğunu bildirib.
Daha sonra İH-in şöbə müdiri Mirzə Quliyev ifadə verib: “Mən kənd icra nümayəndələrinin fəaliyyətinə nəzarət etmişım. İstintaqa verdiyim ifadəni təsdiq edirəm. Vilyam müəllim yaxşı insan olub, amma rüşvətlə bağlı bəzi əməlləri olub. Kimsə kənd icra nümayəndəsi təyin olunurdusa, 5 min, icra nümayəndəsinin müavini təyin olunurdusa, 2 min manat ödəməli idi. Bir dəfə də Dövlət Neft Şirkəti tərəfindən köçürülən 150 min manatı Unibankdan götürüb Vilyam Hacıyevə vermişəm”.
Daha sonra İH-in Memarlıq şöbəsinin böyük məsləhətçisi Orxan Nağıyev ifadə verib. O, Dövlət İdarəçilik Akademiyasına qəbul olunmaq üçün başçının köməkçisinə 2 min manat verdiyini deyib: “Administirasiyadan müraciət gəlirdi ki, məsləhət olunan əməkdaşların adlarını idarəçilik təhsili ilə bağlı göndərin. Mənim adım birinci dəfə göndəriləndə imtina gəlmişdi. Ona görə də başçının köməkçisi Füzuli müəllimə müraciət etdim. O da akademiyaya qəbul olunmağım üçün 2 min manat istədi, mən də verdim”.
Proses fevralın 21-də davam etdiriləcək.
Qeyd edək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Səbail rayon Məhkəməsi tərəfindən V.Hacıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.