Sabiq çekistdən məhbus qaçışına reaksiya: “Korrupsiya və əməliyyat şəraitinə ciddi nəzarətin olmaması…”
“Ən təhlükəli hal kiminsə azadlığa buraxılması yox, hansısa məhbusun qaçırılmasına şərait yaradılmasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilən iki məhbusun qaşmasına münasibət bildirən sabiq təhlükəsizlik zabiti İlham İsmayıl bildirib:
“Öncə deyim ki, bu hal artıq qeyd olunduğu kimi, Penitensiar Xidmətdə baş verən korrupsiyanın nəticəsi kimi dəyərləndirilə bilər.
İkincisi, xüsusi təhlükəsizlik qaydaları ilə bağlı olaraq demək istərdim ki, həmin məhbuslar barəsində təkcə “konvoy”ları yox, başqa əməliyyat işçilərinin də məlumatı olmalıydı.
Əgər hər hansı təhlükəli məhbus bir neçə dəfə eyni marşrutla aparılıb-gətirilirsə, aydındır ki, qaçmaq üçün müxtəlif variantlar düşünəcək. Bunu əvvəldən nəzərə alaraq, məhbusların qaçmasına əngəl olmağın yollarını fikirləşməliydilər – yəni “konvoy”lar hər səfərdə dəyişdirilməliydilər və sair. Ancaq bunların heç biri nəzərə alınmayıb.
Yenə deyirəm, bu hadisə Penitensiar Xidmətdəki korrupsiya ilə, eyni zamanda da əməliyyat şəraitinə ciddi nəzarətin olmaması ilə bağlıdır. Vaxtında qabaqlayıcı tədbirlər görülsəydi, məhbuslar qaçmaq üçün belə kombinasiyalar qura bilməzdilər”.
İlham İsmayılın fikrincə, məhbusların qaçışı ilə o hadisədən cəmi bir gün sonra kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) məhkəmə qərarı əsasında azadlığa buraxılması arasında əlaqənin olması istisna deyil:
“Qeyd etdiyiniz şəxsin azadlığa buraxılmasına gəldikdə isə onun vaxtilə qanunsuz həbs olunduğu, indi isə buraxıldığı deyilir.
Məhbusların qaçışı və bu hadisə arasında yüngülvari əlaqənin olması istisna deyil. Çünki bu hadisələr eyni sistemin – Ədliyyə Nazirliyinin daxilində baş verib.
Bu hadisəni başqa bir qurum, məsələn, Dövlət Təhlükəsizliyi Xidməti ciddi araşdıra və əsl mahiyyəti ortaya çıxara bilər.
Belədə isə, burada ən təhlükəli hal kiminsə azadlığa buraxılması yox, hansısa məhbusun qaçırılması, daha doğrusu, qaçırılmasına şərait yaradılmasıdır. Bu, gələcəkdə daha ciddi fəsadlara gətirib çıxara bilər”.
A. Zeynalov