Sabiq İcra Başçısı 70 min manat RÜŞVƏT aldı – Şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenicag.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev bildirib ki, Vilyam Hacıyev vəzifəyə təyin olunandan həbs olunana qədər 4 milyondan çox qanunsuz yolla toplanan vəsait təqdim edib:

“2020-ci ildə rayon icra hakimiyyəti inzibati binasının tikintisi üçün 3 milyon manat ayrılmışdı, 3 ayın içində yox oldu. Mən özüm Vilyam Hacıyev icra başçısı təyin olunandan sonra bu işlərlə məşğul olmağa başladım. Mənə birgə işləmək təklif edəndə əvvəl razı olmadım, sonradan işimi itirməmək üçün razılaşdım. Yəni, məncə kim olsa bunu edərdi. ”
Şahidin sözlərinə görə, Vilyam Hacıyev Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyinatı üçün 70 min manat, Olimpiya Mərkəzinə direktor təyinatı üçün isə 10 min manat pul alıb.
Şahid həmçinin bildirib ki, toplanan vəsaitləri şəxsən təqsirləndirilən şəxsə təhvil verib:

“İcra hakimiyyəti başçısının tikintisi üçün ayrılan puldan ilk olaraq 76 min manat götürdüm. Həmin pulu “002” serialı avtomobilində Vilyam Hacıyevə təqdim etdim. Sonrakı mərhələdə götürdüyüm vəsaiti isə istirahət mərkəzində Vilyam Hacıyevə təqdim etdim.”

Təqsirləndirlilən Vilyam Hacıyev onun sözlərini qəbul etməyib, onu böhtan atmaqda günahlandırıb:

“Dedikləri hamısı yalandır. Mən də burdan iddia qaldırıram, Cəmil Musayevə 10 milyon manat vermişəm. Neynəyib onu, atasına ya nənəsinə verib? qaytarsın o, pulu… Xahiş edirəm, baş mühasib barəsində cinayət işi açılsın, o da mənim kimi həbs olunsun.”
Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

COP29