Sabiq icra başçısı ilə bağlı şok iddia: “Dedi ki, oğlunu əsgərlikdə öldürtdürəcəm ” – VİDEO+FOTOLAR – Yenicag.Az

Reklam

Reklam

Vətəndaş İsmayılova Gülafər Hətəm qızı Gəncənin sabiq icra başçısı Daşdəmirov Rasim Bayram oğlunun ona qarşı dələduzluq etdiyini iddia edib.

Bu şikayəti Yenicag.az-a Gülafər xanım özü ünvanlayıb. Şikayətçi əməkdaşımızla söhbətində bildirib ki, o, uzun illər Rasim Daşdəmirovun evində xadimə kimi işləsə də, sabiq icra başçısı ona əmək haqqı ödəməyib, əvəzində 6 sot torpaq sahəsi verib.

Bir müddət keçdikdən sonra da Daşdəmirov Gülafər xanımın həmin torpaq sahəsində tikdirdiyi evdən çıxmasını tələb edib. İsmayılovanın iddiasına görə, sabiq məmur, hətta, onu oğlunu öldürəcəyi ilə də hədələyib:

“Evimiz 2017-ci ilin yanvarın 25-də sökülüb. O torpağı mənə Gəncənin keçmiş icra başçısı Rasim Daşdəmirov vermişdi. Mən iş axtaran zaman ona rast gəlmişəm, kaş ki, heç rast gəlməzdim. Əslində, aylıq maaş olaraq 300 dollara razılaşmışdıq. Amma o pulu verməkdən imtina etdi. Onun Novxanıdakı 4 mərtəbəli villasında təmizlik işlərinə baxırdım. Mənə dedi ki, evimdə 10 il işlə, sənə 6 sot torpaq verəcəm, özünə ev tik, razılaşdım. Bu hadisə 1998-ci ildə olub. Bu torpaqda birtəhər özümə koma düzəldib, balalarımı başıma yığdım. Torpağın mənə aid olduğuna dair bir sənəd istədim ki, ürəyim sakitləşsin. Dedim, 10 il demirsən, lap evində 15 il işləyəcəm.

Qayıtdı ki, canlı sənəd mənəm. Torpağı mən vermişəmsə, arxanda da dayanmışam. Digər bağ evlərində işləyə-işləyə uşaqları böyütdüm. Qızım anadangəlmə şikəstdir. 20 il birtəhər dolandıq, yenicə “nəfəs almağa” başlamışdım ki, oğlum hərbi xidmətə yollandı. Bir müddət sonra Rasim Daşdəmirov bizə gəldi.

Qapını təpiklə açıb girdi içəri. Dedim, nə məsələdir? Qayıtdı ki, uşaqların burnunun fırtığı ilə böyüdülər, ərin də sizi atıb Qarabağa vuruşmağa getdi, indi də oğlun əsgərliyə gedib. Məni hədələdi ki, əgər bu torpaqdan çıxmasan, oğlunu əsgərlikdə öldürtdürəcəm. Dedi, şikəstini də götür, çıx get burdan. Dedim, heç olmasa, qapında işlədiyimin pulunu ver. Heç nə demədən, “Prado”suna oturub getdi. Oğlu Elşad polis işləyir. Bizə gələndə dərdimi dedim. O da vəziyyətin fərqində olduğunu, atası ilə bacarmadığını bildirdi. Gördü ki, ayağımda ayaqqabım yoxdu, 20 manat verdi ki, get özünə ayaqqabı al. Elə bildim ki, əsgər anasına bir dünya verdi. Həmin pulla hərbi hissəyə gedib oğlumun sağ olduğunu gördüm, rahatlaşdım. 2013-cü ildə məktub gəldi ki, Rasim Daşdəmirovun torpağından çıxmadığınız üçün sizi məhkəməyə veriblər. Mən də Kərimzadə Əziz adlı vəkillə danışdım. O da dələduz imiş, hazırda türmədədir. Vəkil bizdən 3500 manat pul aldı ki, evinizə sənəd düzəldəcəm. İnəyimin birini satıb pulu vermişəm. Sonradan araşdırdım ki, bu torpaq Rasimin deyil, Su İdarəsinin balansında imiş. Abşeronun polis rəisi İsmayılov Namiq var idi, indi Binəqədidə işləyir. Gəldi bizim vəziyyəti gördü, çox dəstək oldu. Allah ondan razı olsun. 2013-cü ildə Rasim yenə qapıya gəldi, dedi ki, 2000 dollar verəcəm, get özünə ev tik. Dedim, 2000 dollara necə ev tikim? Qayıtdı ki, heç o pulu da vermirəm. Bunu görən anam insult keçirib, vəfat etdi. Bir nəvəm oldu, o da xəstə doğuldu. Daha sonra biri də oldu, öldü. Gəlinim də dedi ki, mən bu həyətdə yaşaya bilmərəm, qorxuram. Beləcə oğlumun da ailəsi dağıldı. Zaur Azad oğlu Quliyev adlı vəkil tutdum. Dedim, səndən əvvəlki vəkil pulu aldı çıxdı aradan. Yalvardım ki, mənə kömək elə. Dedi, sənin üçün bu işi 1000 manata görərəm. Birtəhər borc tapdım, verdim ona.

Zaur bir-iki dəfə gedib-gəldi ki, ora pul lazımdı, bura pul lazımdı. Beləcə bacımın da qızıllarını satıb pulunu ona verdim. Sən demə, heç bu işlə maraqlanmırmış. Zaura nə qədər zəng vurdum, telefonlarıma cavab vermədi. İcraçılar gəldi başımızın üstünü kəsdirdi. Axırda Zauru tapdım ki, niyə apelyasiya şikayəti verməmisən? Qayıtdı ki, Sumqayıt məhkəməsində mənə dedilər ki, Rasim Daşdəmirovun “arxa”sı güclüdür, sənin başına oyun gətirə bilərlər. Axırda da gəlib evimizi başımıza uçurtdular.

Getməyə də yerimiz yox idi. Bir-iki ay kirayədə qaldım, ödənişi edə bilmədim. İndi də bir adam ev verib ki, sənə yazığım gəlir, qal burda. Ondan sonra bir də Rasim Daşdəmirovu görmədim. Evimiz söküləndə oğlu gəlmişdi, acı mənzərəni görüb, dözə bilmədi, çıxdı getdi. Zemfira İbrahimqızı adlı qadın var, Rasimin işlərini görür, bütün dələduzluqları edən də o qadındır. İndi o dağılan evimizin yeri də boşdur. 200 min manata satışa qoyublar. Heç kim də almır ki, bu həyətdə ah-nalə var”.

Qeyd edək ki, Rasim Daşdəmirov Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. Məsələ ilə bağlı sözügedən qurumla əlaqə saxlasaq da, Daşdəmirovun yalnız iclasdan iclasa təşkilata gəldiyini, onun əlaqə nömrəsini bilmədiklərini söylədilər. İstənilə halda qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2931
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."