Sabiq MTN generalının apellyasiya şikayəti qəbul edildi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general-mayoru Mövlam Şıxəliyevin apellyasiya məhkəməsi başlayır.

Yenicag.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılacaq. Generalın vəkili Ceyhun Yusifov bildirib ki, apellyasiya şikayəti bir müddət öncə verilsə də, şikayətin verilmə müddəti ötürüldüyü üçün məhkəmə işi birinci instansiyaya qaytarmışdı. Vəkil məhkəməyə bir sıra vəsatətlər təqdim etdiklərini, prosesdən sonra həmin vəsatətləri açıqlayacaqlarını bildirib.

Qeyd edək ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

Uzun müddət davam edən məhkəmə bu il sentyabrın 21-də yekunlaşıb. Bakı Hərbi Məhkəməsi M.Şıxəliyevə 12 il azadlıqdan məhrumetmə cəzası verib. Bundan başqa, generalın və ailəsinin mülkiyyətində olan 7,7 milyon manatlıq əmlak müsadirə edilib./Qafqazinfo/