Sabiqlərin “siyasi məzarlığı”: “Milli Şurada dəyər anlayışı yoxdur” – Politoloq

Bir sıra keçmiş məmurların vəzifələrini itirdikdən sonra müxalifət düşərgəsinə keçidləri dəyərlərin yox, maraqların önə çıxması kimi qiymətləndirilir.

Yenicag.az xəbər verir ki, ölkənin sabiq baş prokuroru Əli Ömərovun Milli Şuranın sentyabrın 23-nə təyin etdiyi mitinqi dəstəkləməsi siyasətdə əxlaq amilini yenidən önə çıxarıb.

Qeyd edək ki, 1994-cü il oktyabrın ilk günlərində o dönəmdə Xətai rayon prokuroru işləyən Mahir Cavadov tərəfindən möhkəm döyülməsindən sonra vəzifəsindən azad olunmuşdu.

O günləri unutmayanlar aldığı zərbələrdən bədənində salamat yer qalmayan Ə. Ömərövun dövlət televiziyasına müsahibəsi zamanı necə döyüldüyünü danışaraq, ağladığını hələ də xatırlayırlar.

Postunu itirdikdən sonra bir müddət ortalıqda görünməyən, parlament seçkilərində namizədliyini irəli sürüb, məğlub olduqdan sonra yenə “kölgə”yə çəkilən Ə. Ömərov bir neçə ay əvvəl mətbuata geniş müsahibə verərək, işsizlikdən gileylənmişdi.

Müsahibəsində hökumətə açıq mesajlar verərək, öz namizədliyini təklif edən keçmiş baş prokuror cəhdlərinin nəticəsini görməyincə, öz əhəmiyyətini müxalifətə qoşulmaqla saxlamaq qərarına gəlib.

Son açıqlamalarında Milli Şuranın 23 sentyabr mitinqinə dəstək verən Ə. Ömərov bu qurumun rəhbərliyinə reveranslar etməyi də unutmayıb.

Görünən budur ki, maraqlarını təmin etmək məsələsində hakimiyyətdən əli üzülən sabiq baş prokuror özü üçün Milli Şuranın xilaskar obrazını yaradıb.

Çox maraqlıdır ki, indiyə qədər bu və ya başqa səbəblərdən vəzifələrini itirən sabiq məmurların bəziləri bir müddət sonra şanslarını müxalifət düşərgəsində sınamaq yolunu seçirlər.

Yaxud da, müxalifətin radikal cinahı işdən çıxarılan və ya həbs olunan keçmiş nazirlərin müdafiəsinə qalxmaqla, onları öz sırasına çəkməyə çalışır. Əli İnsanov və Fərhad Əliyev nümunəsi bunun bariz göstəricisidir. O baxımdan, Milli Şuranın indi də Əli Ömərova həvəslə qucaq açacağı çox realdır.

Bu barədə Yenicag.az-a danışan politoloq Elçin Mirzəbəylinin fikrincə, fəaliyyətində dəyərlərə yox, maraqlara əsaslanan Milli Şura üçün heç bir mənəvi çərçivə qalmayıb:

“Vaxtilə baş prokuror vəzifəsini tutmuş şəxsin indi danışdıqları o qədər əhəmiyyətsizdir ki, onun dediklərinə şərh verməyə ehtiyac belə yoxdur.

Milli Şuraya gəldikdə isə biz illərdir görürük ki, orada toplaşanlar vaxtilə özlərini milli maraqların ifadəçiləri kimi göstərsələr də, Azərbaycanın həqiqi müstəqilliyinə düşmən münasibətini gizlətməyən Rusiyanın ortaya atdığı bir layihənin iştirakçılarıdır.

Bu, onun göstəricisidir ki, Milli Şurada dəyər anlayışı qalmayıb.

Ona görə də bu dövlətə, millətə qarşı çıxan istənilən şəxsin Milli Şura tərkibinə qəbul edilməsi heç kəsi təəccübləndirmir”.

 

A. Zeynalov

COP29